Kainatın "qədim qonağı": 12 milyard il yaşı olan kometa tədqiq edildi

Bu gün, 16:38           
Kainatın "qədim qonağı": 12 milyard il yaşı olan kometa tədqiq edildi
Beynəlxalq planetoloqlar qrupu ulduzlararası "3I/ATLAS" kometasının qeyri-adi izotop tərkibini və digər unikal xüsusiyyətlərini araşdıraraq, onun təxminən 12 milyard il əvvəl - Kainatın gənclik dövründə formalaşmış uzaq və soyuq bir ulduz sistemindən gəldiyi qənaətinə gəlib.

Tədqiqatın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub.

Araşdırmaya rəhbərlik edən Martin Kordiner və həmkarları bildiriblər ki, "3I/ATLAS" kometasında hidrogenin ağır izotopu olan deyteriumun miqdarı Günəş sistemindəki bütün məlum obyektlərlə müqayisədə rekord səviyyədədir. Bundan əlavə, kometada karbon-12 və karbon-13 izotoplarının nisbəti də yaxınlıqdakı protoplanetar disklərdə və qaz buludlarında müşahidə olunan göstəricilərdən kəskin şəkildə fərqlənir.

Alimlərin fikrincə, bu xüsusiyyətlər kometanın təxminən 12 milyard il əvvəl formalaşdığını və çox qədim bir planet sisteminin qalıqlarından biri olduğunu sübut edir. Nəticələr "James Webb" kosmik teleskopu və "Atacama Large Millimeter/submillimeter Array" (ALMA) vasitəsilə əldə olunan müşahidələrə əsaslanır. 2025-ci ilin sonunda Günəşə yaxınlaşan kometanın səthi qızaraq qaz və toz püskürmələrinə səbəb olub; tədqiqatçılar məhz bu maddələrin tərkibini təhlil ediblər.

Qeyd edək ki, "3I/ATLAS" 1 iyul 2025-ci il tarixində ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) "ATLAS" teleskoplar şəbəkəsi tərəfindən aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru