Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları
Bu gün, 12:18
İşlək vəziyyətdə olan sərinkeşin qarşısında yatmaq sağlam insanlar üçün birbaşa təhlükə yaratmasa da, bəzi şəxslər üçün ciddi risklər daşıyır. Bu barədə rusiyalı kardioloq və terapevt Sergey Veçtomov Lenta.ru-ya müsahibəsində danışıb.
Sergey Veçtomovun sözlərinə görə, sərin hava axınının uzun müddət birbaşa bədənə yönəlməsi bir sıra problemlərə yol aça bilər.
Sərinkeşinlə yuxuya getmək xüsusilə aşağıdakı kateqoriyadan olan insanlar üçün məsləhət görülmür:
- Allergik riniti və xroniki burun-udlaq patologiyaları olanlar: Bu şəxslər hava axınına qarşı daha həssasdırlar.
- Xroniki oynaq xəstəliklərindən əziyyət çəkənlər: Sərinkeşin yaratdığı lokal soyuma bu xəstələrdə ağrı sindromunu kəskinləşdirə bilər.
- Əzələ ağrılarına meylli olanlar: Uzun müddətli hava axını əzələ spazmlarına, eləcə də boyun, çiyin və ya bel nahiyəsində sərtliyə səbəb ola bilər.
Həkim qeyd edir ki, sərinkeşin bütün gecə birbaşa insan üzərinə üfürməsi burun və boğazdakı selikli qişanın qurumasına, nəticədə orqanizmin qoruyucu funksiyalarının zəifləməsinə və tənəffüs yolları xəstəlikləri riskinin artmasına gətirib çıxarır.