ABB müştərilərə kompensasiya ödəməlidirmi? - Üzr istəmək problemin həll deyil...
Bu gün, 00:00

Azərbaycan Beynəlxalq Bankı (ABB) 1 gündən sonra bəzi müştərilərin kart hesablarında yaranmış texniki problemin tam aradan qaldırıldığını açıqlayıb.
Bizimesr.com bildirir ki, bankın yaydığı məlumata görə, problem Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıqla bağlı olub və nəticədə bəzi əməliyyatlar müvəqqəti olaraq təkrar əks olunub.
Bankdan bildirilib ki, bütün hesab balansları bərpa edilib, xidmətlər normal rejimdə fəaliyyət göstərir və hadisə hər hansı kiberhücum və ya məlumat təhlükəsizliyinin pozulması ilə əlaqəli olmayıb.
Lakin hadisə bir sıra vacib sualları gündəmə gətirib. Texniki nasazlıq səbəbindən xidmətlərdən istifadə edə bilməyən vətəndaşlara kompensasiya ödənilməlidirmi? Dünya təcrübəsində belə hallar necə tənzimlənir?
Bank sistemlərində baş verən texniki nasazlıqlar nadir hadisə deyil. Lakin müasir rəqəmsal bankçılıq dövründə milyonlarla insan gündəlik maliyyə əməliyyatlarını mobil tətbiqlər və onlayn xidmətlər vasitəsilə həyata keçirdiyindən, qısa müddətli fasilələr belə ciddi nəticələr yarada bilir.
Məsələn, vətəndaş kredit ödənişini vaxtında həyata keçirə bilməyə bilər, kommunal və ya vergi ödənişlərini gecikdirə bilər, kart vasitəsilə alış-veriş edə bilməz, təcili maliyyə əməliyyatlarından məhrum ola bilər və xaricdə və ya səfərdə olarkən vəsaitlərinə çıxış əldə edə bilməz.
Belə hallarda yaranan zərərin kim tərəfindən qarşılanacağı mühüm hüquqi və maliyyə məsələsinə çevrilir.
Məsələn, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində bankların texniki nasazlıqları nəticəsində müştərilərə dəyən ziyanın kompensasiya olunması geniş tətbiq olunan təcrübələrdən biridir. Lakin burada vacib məqam ondan ibarətdir ki, kompensasiya adətən avtomatik şəkildə bütün müştərilərə ödənilmir. Əsas meyar müştərinin real maddi zərərə məruz qalmasıdır.
Bank sistemindəki problem səbəbindən kredit gecikməsi yaranıbsa və müştəriyə əlavə faiz hesablanıbsa, ödəniş həyata keçirilmədiyi üçün cərimə tətbiq olunubsa, hesaba çıxış mümkün olmadığından əlavə maliyyə itkisi baş veribsə, banklar həmin zərəri araşdıraraq kompensasiya ödəməlidirlər.
Bir sıra hallarda iri banklar müştərilərə xidmət haqlarının geri qaytarılması, bonuslar, əlavə keşbeklər və ya cərimələrin silinməsi kimi güzəştlər də təqdim edə bilirləır.
Azərbaycanda vəziyyət necədir?
Azərbaycan qanunvericiliyinə əsasən, xidmət göstərən təşkilatın hərəkəti və ya hərəkətsizliyi nəticəsində vətəndaşa maddi ziyan dəyibsə, həmin ziyanın ödənilməsi tələb oluna bilər.
Hüquqşünasların fikrincə, müştəri aşağıdakı halları sübut edə bilsə. Bank sistemində nasazlıq baş verib, nasazlıq onun əməliyyatına birbaşa təsir göstərib, bunun nəticəsində maddi ziyan yaranıb. O zaman banka rəsmi müraciət etmək və kompensasiya tələb etmək hüququ yaranır.
Bank müraciəti təmin etmədiyi halda isə məsələ Mərkəzi Banka və ya məhkəməyə çıxarıla bilər.
ABB problemin aradan qaldırıldığını və bütün hesabların bərpa edildiyini açıqlasa da, hadisənin miqyası barədə ətraflı məlumat verməyib.
Hələ də, dəqiq şəkildə nasazlıən neçə müştəriyə təsir etdiyi, müştərilərdən neçə şikayət daxil olduğu, texniki problem səbəbindən maliyyə zərəri ilə üzləşən şəxslər üçün xüsusi kompensasiya mexanizmi nəzərdə tutulubmu və gecikmiş ödənişlər və mümkün cərimələrlə bağlı hansı addımlar atılacaq kimi suallar açıq qalır.

