İsti havada günvurma, yoxsa insult? - Həkim iki halı fərqləndirməyin yolunu açıqladı

Bu gün, 16:38           
İsti havada günvurma, yoxsa insult? -
"Yayda tez-tez küçədə huşunu itirən və ya qəfildən özünü pis hiss edən insanlar müşahidə olunur. Lakin istidən tükənmə, huşunu itirmə və hətta günvurma insultu xatırlada bilər".

Bu barədə rusiyalı kardioloq Yelena Malışeva Gazeta.ru-ya müsahibəsində danışıb.

O, bu halları necə fərqləndirmək və həyəcanverici simptomlar ortaya çıxdıqda vaxt itirməməyin niyə vacib olduğu barədə açıqlama verib.

"İstidən tükənmə, huşunu itirmə və hətta istivurma (günvurma) insulta bənzəyə bilər. Bu səbəbdən də ətrafdakılar bəzən əslində təcili tibbi yardıma ehtiyacı olan insana su verməyə çalışaraq qiymətli vaxtı itirirlər", - deyə Yelena Malışeva bildirib.

O qeyd edib ki, istidə huşunu itirmə ən çox hədddən artıq istiləşmə, susuzlaşma və qan təzyiqinin aşağı düşməsindən qaynaqlanır. Huşunu itirməzdən əvvəl insan, adətən zəiflik, başgicəllənmə, gözlərdə qaralma, qulaqlarda cingilti və soyuq tər hiss edir. Əgər o, sərin yerdə uzadılarsa və ayaqları qaldırılarsa, vəziyyəti bir qayda olaraq tez zamanda yaxşılaşacaq.

Həkimin sözlərinə görə, insult zamanı isə vəziyyət fərqli şəkildə inkişaf edir. İnsultun əsas xüsusiyyəti beyinin hissəli zədələnməsidir. Buna görə də ümumi halsızlıqdan əlavə, nevroloji simptomlar - qəfil zəiflik və ya bədənin bir tərəfində qol və ayaqda uyuşma, üz asimmetriyası, nitqin itirilməsi, gülümsəyə bilməmək və hər iki qolunu eyni formada qaldıra bilməmək kimi hallar ortaya çıxır. İnsanın huşu özündə ola bilər, lakin onun danışığı aydın olmaya və ya ona deyilənləri ümumiyyətlə başa düşməyə bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, məhz bu məqamda ən çox yayılmış səhvə yol verilir.

"Əgər kiminsə isti havada küçədə vəziyyəti pisləşsə, ətrafdakılar bunu avtomatik olaraq həddindən artıq istiləşmə ilə əlaqələndirirlər, xüsusilə də insan zəiflik, başağrısı və ya başgicəllənmədən şikayətlənirsə. Lakin isti insultu istisna etmir, əksinə, havanın yüksək temperaturu, susuzlaşma və qanın qatılaşması xüsusən də yaşlılarda və hipertoniya, şəkərli diabet və ürək xəstələrində damar tutulması riskini artıra bilər", - deyə Yelena Malışeva xəbərdarlıq edib.

Həkim xatırladıb ki, sadə bir qayda insultu tanımağa kömək edə bilər.

"İnsandan gülümsəməsini, hər iki qolunu qaldırmasını və sadə bir ifadəni səsləndirməsini xahiş edin. Əgər təbəssüm asimmetrik olarsa, bir qol qalxmazsa və ya nitq pozularsa, o zaman dərhal təcili yardım çağırmaq lazımdır", - deyə o məsləhət görüb.

Həkimlər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. O, uzandırılmalı, təmiz havanın gəlməsi təmin edilməli, dar paltarlar boşaldılmalı və vəziyyəti izlənilməlidir. İnsult şübhəsi varsa, zərərçəkəni su içirtməyə çalışmaq, ona dərman və ya yemək vermək və ya simptomların öz-özünə keçməsini gözləmək olmaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru