Sara xatun kimi bildiyimiz Saray xatun
Bu gün, 15:14

Harput şəhərinin hakimi və Azərbaycanın ilk diplomat qadını sayılan Sara xatun Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın böyük oğlu Cəlaləddin Əli bəyin həyat yoldaşı və Uzun Həsənlə Cahangir Mirzənin anası olmuşdur. Sara xatunun əslində Cəlaləddin Əli bəyin əmisiqızıdır. Onun atası Pir Əli Bayandur Bingölün Kiğı kəndində hakim olmuşdur. Nə yazıq ki, tarıxımızı saxta tarıxlə dolduranların yazdıqlarına inanaraq çoxları hələ də Sara xatunun Diyarbəkir xristian ailəsindən olması yalanına inanir. Daha dəqiq desək, Sara xatunun Diyarbəkir xristian ailəsindən olmasını Minorskinin 1930-cu ildə yazdığı bir məqaləsinə əsasən deyirdilər. baxmayaraq ki, Minorski özü də sonrakı araşdırmalarından sonra bu məsələnin üzərinə yenidən dönmüş və Sara xatunun əslində Uzun Həsənin atası Cəlaləddin Əli bəyin əmisiqızı olduğunu yazmışdır. Bunu Ağqoyunlular haqqında ən yaxşı əsərin müəllifi sayılan John E. Woods da təsdiq edib.
Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşər, ən məsul diplomatik danışıqlar üçün onu göndərərdi. Qaffari "Tarixi Cahan Ara" əsərində yazırdı ki, Uzun Həsənin anası Sara Xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi.
Sara xatun nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Osmanlı Ağqoyunlu dövlətinin müttəffiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyinin aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi. Sara xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar.
M.Afət

