Nə qida təhlükəsizliyimiz tam nəzarətdədir, nə də heyvandarlığın statistikası.
Bu gün, 10:58

Heyvanların identifikasiyası:
Qonşular həll etdi, biz isə 10 ildir yerimizdə sayırıq...
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinin qeydinə qalan AQTA-dan soruşmaq lazımdır: Ölkədə heyvanların identifikasiyasını 10 ildir niyə həyata keçirə bilmirsiniz?
Bu proses 2018-ci ildən AQTA-ya (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) həvalə olunub. Amma ortada real nəticə yoxdur. Gəlin qonşulara baxaq:
Gürcüstan bu sistemi cəmi 8 aya qurdu! Ölkədə olan və doğulan bütün heyvanlar qeydiyyata alınıb, birkalanıb. Hər bir çəpişin belə xəstəlik kitabçası, cinsi və hansı peyvəndlərin vurulduğu barədə məlumat bazası var. Sənədsiz heyvan qəbul edilmədiyi üçün heyvan oğurluğunun da qarşısı tamamilə alınıb.
Ermənistan isə bu prosesi 1.5 ilə həll etdi. Çünki orada birka və qeydiyyat tamamilə pulsuzdur.
Bəs bizdə vəziyyət necədir?
Bizdə bu sistem, demək olar ki, mövcud deyil. Real mənzərə isə ironik və ağlamalıdır: Heyvan kəsimxanaya gətiriləndə ağ xalatlı bir baytar gəlir, 6.50 manatını alır, kəsilmiş (!) heyvanın qulağına birka vurub şəklini çəkir və hesabat kimi yuxarıya göndərir.
İşin daha acınacaqlı tərəfi odur ki, həmin baytar o birkanın pulunu bəri başdan öz cibindən ödəməlidir. Üstəlik, laboratoriya şəraiti bərbaddır – kəsimxanalardakı tək bir köhnə mikroskopla hansı xəstəliyi təyin etmək olar?
Nə qida təhlükəsizliyimiz tam nəzarətdədir, nə də heyvandarlığın statistikası. Bu qədər vəsait və zaman hara xərclənib?
Sual işarəsindən sonra rəhmətlik Əməkdar artist Baloğlan Əşrəfovun "Ay uçan quşlar!..." mahnısını zümzümə etmək xoş gəlir
Elchin Rustamli

