Səsli danışırsız, reklam görürsünüz: Smartfon həqiqətən sizi dinləyirmi?
Bu gün, 12:18

İnsanların son illərdə tez-tez verdiyi suallardan biri budur: telefonlar istifadəçilərin danışdıqlarını dinləyərək həmin mövzularla bağlı reklamlar göstərirmi? İlk baxışdan elə görünə bilər ki, smartfonların “qulaqları var”. Lakin mütəxəssislər bildirirlər ki, istifadəçilərin gizli şəkildə dinlənilməsi ilə onların öz razılığı əsasında toplanan məlumatlar arasında ciddi fərq var.
“Euronews”un məlumatına görə, ekspertlər telefonların necə işlədiyini izah ediblər.
“NewsIT” proqramının aparıcısı Lavrentiu Matake bildirib ki, mobil telefonlar istifadəçiləri davamlı şəkildə dinləmir: “Əgər telefonlar bizi dinləsəydi, batareya dərhal boşalardı. Çünki bu proses böyük resurs və internet trafiki tələb edir".
Onun sözlərinə görə, smartfonlar əsasən istifadəçilərin axtarış tarixçəsi, internet alış-verişləri, ziyarət etdikləri məkanlar və baxdıqları saytlarla bağlı məlumatlar toplayır: “Telefonlar "Google"da, “YouTube”da nə axtardığımızı, internetdə nə aldığımızı, haralara getdiyimizi və hansı saytları ziyarət etdiyimizi analiz edir və bizim haqqımızda profil yaradır. Necə ki, “Facebook”da profilimiz var, internetdə də alıcı profilimiz formalaşır".
Reklamlar necə yaranır?
Ekspertin sözlərinə görə, istifadəçi telefonda hər hansı məhsul və ya xidmət axtardıqdan sonra sosial şəbəkələrdə və digər platformalarda həmin mövzu ilə bağlı reklamların görünməsi təsadüfi deyil.
Məsələn, istifadəçi Lefkada adasında istirahət imkanlarını axtararsa, qısa müddət sonra ona həmin istiqamətlə bağlı otel, aviabilet və digər təkliflərin reklamları göstərilə bilər.
Məlumatların toplanmasını məhdudlaşdırmaq mümkündür
Mütəxəssislər bildirirlər ki, istifadəçilər reklam identifikatorunu vaxtaşırı sıfırlaya və tətbiqlərə verilən icazələri yoxlaya bilərlər.
Qeyd olunur ki, hər tətbiqə məkan məlumatına, kontakt siyahısına, axtarışlara və mikrofona giriş icazəsi vermək zəruri deyil.
“Lakin bizi heç kim davamlı şəkildə yazmır. İzləmədən imtina etmək mümkündür. Məsələn, “Facebook”da bəzi funksiyalardan istifadə məhdudlaşa bilər, amma bu seçim istifadəçinin özündən asılıdır”, deyə Matake bildirib.
Ekspert əlavə edib ki, telefonların parametrlərində tətbiqlərin icazələri üçün xüsusi bölmə mövcuddur və istifadəçilər hansı tətbiqin hansı məlumatlara çıxışı olduğunu oradan yoxlaya bilərlər.

