Sonuncu Şuşa Qlobal Media Forumundan sonra media üçün heç vaxt narahat olmayan adamlar birdən-birə narahat olmağa başlayıblar.
Bu gün, 12:47

Əslində hər şey bəllidir. Sadəcə bəzi adamlar nəyisə yazmaq, demək məcburiyyətindədirlər. Çünki onlar məhz belə yazmalıdırlar...
Sonuncu Şuşa Qlobal Media Forumundan sonra media üçün heç vaxt narahat olmayan adamlar birdən-birə narahat olmağa başlayıblar.
Səbəb isə odur ki, bu Forumda diqqət daha çox bloggerlərə və influenserlərə yönəldi, jurnalistlər isə nisbətən kölgədə qaldılar. İndi birdən yadlarına düşüb ki, jurnalistlər və jurnalistika sosial mediaya uduzur, yaxud artıq uduzub.
Əslində isə jurnalistika bu mübarizədə çoxdan uduzub. Sadəcə, bəzi adamlar bunu illərdir görmürdülər, indi ayılıblar.
Azərbaycanda jurnalistlər bloggerlərə ona görə uduzdular ki, ilk xəbəri onlar yaydılar, hadisə yerinə ilk onlar çatdılar, hadisələri daha çox onlar müzakirə etdilər və insanların dərdini, problemini daha çox onlar göstərdilər. Onlar bütün bunları edərkən, insanların yanında olarkən, siz – özünüzə jurnalist deyənlərin bir çoxu tezis yazmaqla məşğul idiz, "görəsən bunu yazmağa içazə verərlər" düşüncəsində idiz.
İndi isə vəziyyət dəyişir. Artıq bloggerlərin jurnalistlərdən və ənənəvi jurnalistikadan daha faydalı olduqları düşünülür. Bu isə Azərbaycan jurnalistikasını tamamilə məhvə aparan bir prosesdir.
Bu gün aparılan müzakirələrin, bir-birinin arxasınca daş atmağın isə heç bir faydası yoxdur. Görünən odur ki, artıq bu istiqamətdə proseslər başlayıb və bunun ilk ciddi əlamətləri də görünməkdədir.
Odur ki, bu gün hansısa jurnalist düşünürsə ki, jurnalistika bloggerlərə uduzmayıb, yanılır. Jurnalistika nəinki uduzub, hətta onların yanından belə keçə bilmir. Milyonlarla baxışı olan bir bloggeri insanların böyük əksəriyyəti ölkənin ən yaxşı jurnalistindən və ya yazarından daha yaxşı tanıyır, daha çox izləyir və ona daha çox etibar edir.
Bunu bloggerlər etmədi. Bunu uzun illər ərzində jurnalistikanı və jurnalistləri bu vəziyyətə salanlar, həmçinin onlara dəstək verənlər etdi. İndi isə çıxıb özünüzü jurnalistikanın müdafiəçisi, jurnalistikanı sevən insanlar kimi göstərməyin.
İndi onların dövrüdür. Və görünən mənzərə ondan ibarətdir ki, Azərbaycan jurnalistikası tarixinin ən ağır dövrünü yaşayır.
Ədil Hüseynli

