Əsl peşəkarlıq hər mövzuya münasibət bildirmək deyil. Əsl peşəkarlıq öz sərhədlərini bilmək, bilmədiyin sahədə özünü mütəxəssis kimi göstərməməkdir.

Bu gün, 12:29           
Əsl peşəkarlıq hər mövzuya münasibət bildirmək deyil.
Yəqin sizin də rastınıza çıxıb. Rəylərdə tez-tez yazırlar: “Sən əsl jurnalistsənsə filan mövzudan yazarsan. Yazmırsansa, deməli qorxursan.” Mən deməkdən yoruldum bu beyin ölümü keçirənlər yorulmadı.
Mən illərlə mədəniyyət müxbiri olmuşam. Bununla yanaşı sosial problemlərə də heç vaxt biganə qalmamışam və qalmıram. Amma artıq dərk etməliyik ki, hər jurnalistin öz sahəsi, öz peşə istiqaməti var. Siyasi paparazzilik mənim yolum deyil. Bütün jurnalistlər oturub məmurların mülklərini, bizneslərini araşdırmalıdır, yaxud da siyasi məhbuslara azadlıq şüarı səsləndirməlidir deyə bir qayda yoxdur jurnalistikada. Bəli dəstək olmalıdır. Ki, bunu da etmişəm. Həqiqətən ləyaqətindən əmin olduğum məhbus jurnalistlərlə bağlı dəfələrlə ststus yazmışam.
Sizin xəstə əxlaqsız beyninizə görə tənqidin içində mütləq söyüş olmalıdır. Mən əsl jurnalist olduğumu göstərmək üçün oturub prezidenti söyməliyəm?
Vətəndaş olaraq şahid olduğum haqsızlığa, qanunsuzluğa öz platformamda hər zaman münasibət bildirmişəm və bundan sonra da bildirəcəyəm. Çünki bu, peşədən əvvəl vicdan məsələsidir. Amma hansısa məmurun korrupsiya əməllərini, maliyyə yeyintilərini, vəzifə səlahiyyətlərindən sui-istifadəsini araşdırmaq mənim ixtisasım deyil. Bunun üçün araşdırma jurnalistikası ilə məşğul olan insanlar, redaksiyalar var. Bu o demək deyil ki, mən qorxuram. Sadəcə hər kəs öz bacardığı işi görməlidir. Cərrahdan ürək əməliyyatı gözlədiyimiz kimi, göz həkimindən də eyni əməliyyatı tələb etmirik. Jurnalistikada da belədir.
Mən heç vaxt özümü bütün mövzular haqqında hökm verməli olan biri kimi təqdim etməmişəm. Mən yazdıqlarıma cavabdehəm, yazmadıqlarıma görə isə kiminsə gözləntilərinə uyğun yaşamaq məcburiyyətində deyiləm.
Əsl peşəkarlıq hər mövzuya münasibət bildirmək deyil. Əsl peşəkarlıq öz sərhədlərini bilmək, bilmədiyin sahədə özünü mütəxəssis kimi göstərməməkdir.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru