ABŞ trilyon dollarlıq hərbi büdcəsi - Konqres təsdiqlədi

Bu gün, 12:45           
ABŞ trilyon dollarlıq hərbi büdcəsi - Konqres təsdiqlədi
ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ölkənin hərbi ehtiyaclarının qarşılanması üçün 1.15 trilyon dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu barədə TASS məlumat yayıb. Sənədin lehinə Nümayəndələr Palatasının 216 üzvü səs verib, 212 nəfər isə bunun əleyhinə çıxıb.

Hazırda qanun layihəsi baxılmaq üçün ABŞ Konqresinin Senatına göndəriləcək və qanunverici orqanın yuxarı palatasında qəbul ediləcəyi təqdirdə, imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

"Politico" nəşrinin məlumatına görə, hazırda Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar layihənin Senatda müzakirəsi zamanı çətinliklərlə üzləşəcəklər. Çünki sənədin təsdiqlənməsi üçün ən azı 60 senatorun dəstəyi lazımdır. İyul ayının əvvəllərində qanunverici orqanın yuxarı palatası Senatda hazırlanan oxşar sənədi rədd etmişdi.

Bundan əlavə, Nümayəndələr Palatası 95 milyard dollar həcmində vəsaitin ayrılmasını özündə əks etdirən qanunvericilik təşəbbüsünə də müsbət cavab verib. Həmin məbləğin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə sərf olunması təklif edilir. Bu sənəd də Konqresin yuxarı palatasının müzakirəsinə veriləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən başladıb və onu Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru