Məişət kiçik işlərin toplusu deyil. Məişət həyatın özüdür.

Dünən, 17:44           
Məişət kiçik işlərin toplusu deyil. Məişət həyatın özüdür.
2021-ci ildən bəri Facebook-da yazdıqlarımı bir kənara qoysaq, mən xalis evdar xanımam. Günlərimin böyük hissəsi yemək bişirmək, təmizlik etmək, paltar yumaq, uşaqlara və evə baxmaqla keçir. Kənardan baxan üçün bunlar adi görünə bilər. Hətta "məişət" sözünü çoxları qeyri-ciddi anlayış kimi qəbul edir.
Bir dəfə, illər əvvəl, bir baş redaktor məni dostluqdan çıxarmışdı. Səbəb kimi də demişdi ki, "sən məişət paylaşımları edirsən". 😊 Məişət paylaşımı dediyi isə övladlarımın şəkilləri idi. Sanki yalnız karyera, vəzifə və ya ictimai fəaliyyət haqqında danışmaq ciddi sayılır.
Halbuki məncə, həyatın özü məhz məişətin içində qurulur.
Ədəbiyyat bunu bizdən çox əvvəl başa düşmüşdü. Amma görünür, bu həqiqəti hələ də hamı dərk etmir. Böyük əsərlər məişəti kiçiltməyib, əksinə, insan taleyinin ən mühüm səhnəsini elə orada görüblər.
Marsel Prust yazırdı ki "Həqiqi kəşf yeni torpaqlar tapmaq deyil, dünyaya yeni gözlə baxmaqdır." Məncə, qadının gündəlik işi də buna bənzəyir. O, hər gün yuduğu qablara, qatladığı paltarlara, hazırladığı süfrəyə fərqli bir gözlə baxır. Çünki anlayır ki, bunlar sadəcə ev işi deyil, bir ailənin yaddaşıdır. Uşaqlığın qoxusu, evin istiliyi, təhlükəsizlik hissi məhz bu görünməyən zəhmətin içində yaranır.
Virginia Woolf qadının özünü reallaşdırması üçün "özünə aid bir otaq"dan danışırdı. Mən isə düşünürəm ki, qadının bütün gününü keçirdiyi mətbəx, uşaq otağı və ev də onun görünməyən əməyinin səhnəsidir. Təəssüf ki, bu zəhmət çox vaxt görünmür.
Məişət detallardan ibarətdir. Təmiz pəncərə, isti çörək qoxusu, ütülənmiş köynək, vaxtında hazırlanmış yemək... Bunlar kiçik görünür. Amma insan həyatını ayaqda saxlayan da məhz bu xırda detallardır.
Məişət romantik görünməyə bilər. Onun gurultulu alqışı yoxdur. Amma evdə hər şey öz qaydasındadırsa, bunun arxasında görünməyən böyük bir əmək dayanır.
Azərbaycan nəsrinin ən güclü xüsusiyyətlərindən biri də böyük hadisəyə kiçik məişət detalı ilə başlamaqdır. Bir samovarın qaynaması, süfrə arxasında söhbət, paltar tikilməsi, ev təmiri və ya qonaq gəlişi sonradan insan taleyi və cəmiyyət haqqında dərin düşüncələrə çevrilir.
Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadənin bir çox hekayəsi adi görünən məişət hadisəsi ilə başlayır. Çünki böyük yazıçılar bilirdilər: insanı tanımaq üçün əvvəlcə onun evinə baxmaq lazımdır.
Bəzən düşünürəm ki, insanın əsl xarakteri tribunada deyil, məhz məişətdə görünür. Çünki hər gün eyni işi sevgi ilə görmək, ailənin yükünü şikayət etmədən daşımaq da bir fədakarlıqdır.
Məişət kiçik işlərin toplusu deyil.
Məişət həyatın özüdür.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru