“Köçkünlərin səsləri ilə seçilmiş deputatlar bu Qanuna yenidən baxılması üçün təşəbbüs göstərməlidirlər..."
Bu gün, 00:06

Akif Nağı: “Məcburi köçkünlər kimlər üçünsə təcrübə dovşanı yox, insan, vətəndaşdırlar...”
“Dövlətqaçqınkom” bu məsələ, qanuna edilən dəyişikliklər və köçürülmə mexanizmi ilə bağlı məcburi köçkünlərin, eləcə də parlament üzvlərinin iştirakı ilə geniş müzakirələr, ən azı bir böyük forum keçirməli idi..."
"Əgər hansısa məcburi köçkün ona təklif edilən evdən doğma yurdu olmadığına, yaşayış şəraitinin və ya tikintinin keyfiyyəti ilə bağlı əsaslı səbəblərə görə imtina edirsə və onun tələbləri haqlıdırsa, bunlar nəzərə alınmalıdır..."
“Azərbaycan Prezidenti də on illər boyu dəfələrlə bəyan edib ki, məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Və belə olan halda hesab edirəm ki, qeyd edilən narazılıqların məsuliyyətsizlikdən və ya bilərəkdən yaradılması dövlətimizə qarşı təxribatdır...”
“Məcburi köçkünlərin taleyi ilə bağlı qərarlar onların fikirləri öyrənilmədən qəbul edilməməlidir...”
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilmiş son dəyişikliklərlə bağlı məcburi köçkün statusunda olan şəxsin dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə təklif olunan yaşayış yerindən imtina etdiyi halda bu statusu itirə biləcəyi məsələsi gündəmə gəldikdən sonra cəmiyyətdə müəyyən narahatlıqlar yaranıb. Xüsusilə də məcburi köçkünlərin öz razılığı olmadan doğma dədə-baba yurdlarına deyil, başqa rayonların ərazilərinə köçürülməsi ilə bağlı müxtəlif məlumatlar yayılır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında hazırda Azad Vətən Partiyasının sədri, uzun illər keçmiş Qarabağ Azadlıq Təşkilatının lideri olmuş və məcburi köçkünlərin üzləşdiyi problemlərlə yaxından tanış olan Akif Nağı fikirlərini bölüşüb.
O bildirib ki, rəhbəri olduğu partiya tərəfindən qanunun qəbulu ərəfəsində və qəbulundan sonra məcburi köçkünlərlə aparılan görüşlər, müşahidələr və təhlillər nəticəsində işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı iki fərqli yanaşma müşahidə olunub:
“Məcburi köçkünlərin böyük əksəriyyəti yalnız öz doğma kəndlərinə, şəhərlərinə, işğaldan əvvəl yaşadıqları dədə-baba yurdlarına qayıtmaq istəyir və başqa yerə köçmək niyyətində deyil. Lakin müəyyən insanlar da var ki, təhlükəsizlik, iqlim, yaşayış şəraiti və digər səbəblərə görə könüllü olaraq başqa ərazilərdə məskunlaşmağa üstünlük verirlər.
Məsələn, bəzi insanlar aran ərazisindən dağlıq bölgələrə, digərləri isə əksinə, dağlıq ərazilərdən aran rayonlarına köçmək istəyə bilərlər. Bu, insanların şəxsi seçimi və həyat şəraiti ilə bağlı məsələdir. Bir müddət gözəl mənzərəsi, havası və şəraiti ilə bağlı Ağdərənin Vəng kəndinə köçmək istəyənlər arasında böyük maraq, hətta “mübarizə” də olmuşdu”.
Akif Nağı hesab edir ki, əsas problem qanun qəbul edilərkən məcburi köçkünlərin fikirlərinin, istək və təkliflərinin kifayət qədər nəzərə alınmaması olub:
“Belə mühüm qərarlar qəbul edilməzdən əvvəl insanların mövqeyi öyrənilməli, müraciətləri və arzuları nəzərə alınmalı idi. “Dövlətqaçqınkom” bu məsələ, qanuna edilən dəyişikliklər və köçürülmə mexanizmi ilə bağlı məcburi köçkünlərin, eləcə də parlament üzvlərinin iştirakı ilə geniş müzakirələr, ən azı bir böyük forum keçirməli idi. Bundan sonra daha aydın, şəffaf və insanlarda narahatlıq yaratmayan mexanizm formalaşdırmaq mümkün olardı...
Əgər insanların böyük əksəriyyəti uzun illərdir doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırsa, onların bu istəyinə hörmətlə yanaşılmalıdır. Əks halda cəmiyyətdə belə fikir yaranır ki, insanların taleyi özləri ilə məsləhətləşmədən müəyyən edilir”.
Partiya lideri qeyd edib ki, məcburi köçkünlərdən bu məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olur:
“Məsələn, Bəzi köçkünlər Ağdərənin Vəng, Yuxarı Orataq kimi kəndlərinə köçmək istəyirdilər. Bəzən isə bu məqsədlə qanunsuz addımlara və yersiz hay-küyə yol verənlər də olurdu. Belə müraciətlər zamanı bizim də öz növbəmizdə “Qaçqınkom”a müraciətimizə cavab olaraq bildirilirdi ki, bunun üçün insanlar və ya onların valideynlərinin ən azı həmin kənddə doğulmasını təsdiqləyən sənədlərə malik olmalıdır.
İnsanlar doğulduqları, ailələrinin və övladlarının bağlı olduğu yerlərə qayıtmaq istəyirlər. Köçürülmə zamanı tətbiq ediləcək meyarlar, qeydiyyat və digər məsələlər əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir”.
Akif Nağı vurğulayıb ki, əsas prinsip insanların ilk növbədə öz doğma yurdlarına qayıtmaq hüququnun qorunması olmalıdır:
“Başqa əraziyə köçmək istəyən şəxslərin seçimi də müəyyən edilmiş qaydalar çərçivəsində nəzərə alınmalıdır. Hazırda yaranmış narazılıqların əsas səbəbi insanların fikirlərinin kifayət qədər öyrənilməməsidir.
30 ildən artıq məcburi köçkün həyatı yaşamış insanların taleyi ilə bağlı qərarlar qəbul edilərkən onların istəkləri əsas götürülməlidir”.
O, bəzi məcburi köçkünlər arasında yaranan şübhələrə də toxunub:
“Bəzi insanlar hesab edirlər ki, köçürülmə zamanı ayrı-ayrı ərazilərin demoqrafik vəziyyətinə təsir göstərə biləcək addımlar atıla bilər. Məsələn, deyək ki, Ağdam rayonunun sakinləri bildirirlər ki, onların əsas arzusu öz doğma şəhər və kəndlərinə qayıtmaq, öz icmaları ilə birlikdə həmin ərazilərdə yaşamaqdır. Ancaq bu rayona digər bölgələrin, həmin rayonla heç bir bağlılığı olmayan insanların köçürülməsi onlarda belə təəssürat yaradır ki, kimlərsə ağdamlıların yenidən qayıdıb kompakt şəkildə öz doğma yurdlarında birliklərini nümayiş etdirməsini istəmir...
Belə həssas məsələlərdə hər hansı şübhələr yaranmasına yol verilməməli, bütün proses açıq və şəffaf aparılmalıdır. İnsanların 30 ildən artıq davam edən həsrəti, itkiləri və çəkdiyi maddi-mənəvi əziyyət nəzərə alınmalıdır”.
Akif Nağı bildirib ki, məcburi köçkünə təklif olunan yaşayış yerindən imtina etdiyi halda da yanaşma daha çevik olmalıdır:
“Əgər hansısa məcburi köçkün ona təklif edilən evdən doğma yurdu olmadığına, yaşayış şəraitinin və ya tikintinin keyfiyyəti ilə bağlı əsaslı səbəblərə görə imtina edirsə və onun tələbləri haqlıdırsa, bunlar nəzərə alınmalı, ona yenidən öz doğma yurdunda ev təklif edilməli, yaxud doğma yurdunda təklif edilmiş evin ciddi nöqsanları aradan qaldırılmalıdır. Müəyyən hallarda isə imtina edən şəxsin statusu ləğv edilmədən ona növbəti seçim imkanı verilməlidir...”
Keçmiş Qarabağ Azadlıq Təşkilatının lideri əlavə edib ki, məcburi köçkünlərin taleyi ilə bağlı düşünülməmiş qərarlar qəbul edilməməlidir:
“Məcburi köçkünlər, onların hər birindən dönə-dönə üzr istəyirəm,- kimlərinsə üzərlərində təcrübə keçiriləsi dovşanlar deyil, insandırlar. Onlar Azərbaycan vətəndaşlarıdır və uzun illər ağır şəraitdə yaşayıblar. Buna görə də köçürülmə zamanı onların xüsusi vəziyyəti nəzərə alınmalıdır.
Ümumilikdə iki əsas prinsip qorunmalıdır: insanların fikirləri öyrənilmədən onların taleyinə təsir edən qərarlar qəbul edilməməli, məcburi köçkünlər üzərində müxtəlif sosial və inzibati təcrübələr aparılmamalıdır... Eyni zamanda, cəmiyyətdə müəyyən qruplar tərəfindən məcburi köçkünlərə qarşı sürəklə təlqin edilən “harada ev verirlərsə, orada yaşamalıdırlar” kimi yanaşmaların aradan qaldırılması vacibdir..”
Akif Nağı bir daha diqqətə çatdırıb ki, məcburi köçkünlərin hüquqları, çəkdikləri əziyyət və məruz qaldıqları məhrumiyyətlər nəzərə alınmalıdır:
“Onların öz doğma yurdlarına qayıtmaq istəyi konstitusion, qanuni və mənəvi haqqıdır. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələyə, o cümlədən Qanuna yenidən baxılmalı, məcburi köçkünlərin mövqeyi öyrənilməli və onların taleyi ilə bağlı qərarlarda razılıqları əsas prinsip kimi qəbul edilməlidir Bəlkə də bu qanunları parlamentdə qəbul etdikdən sonra da kimlərsə dövlət başçısını inandırıb ki, həmin məsələlər məcburi köçkünlərin də müzakirəsinə buraxılıb və onlar edilən dəyişikliklərlə razılaşıblar?..”
AzVP sədri əlavə edib ki, qanuna yenidən baxılması üçün hüquqi imkanlar da mövcuddur:
“Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcə də Qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə edən qurumlar, ictimai təşkilatlar və xüsusən də Milli Məclisin işğaldan azad edilmiş ərazilərdən olan, başqa sözlə, məcburi köçkünlərin səsi ilə deputat seçilmiş üzvləri bu məsələni gündəmə gətirməkdə təşəbbüs göstərməlidirlər. Onilliklər ərzində məcburi köçkün həyatı yaşamış insanların səsi parlamentdə daha çox eşidilməlidir.
Deputatlar seçicilərinin problemlərini araşdırmalı, onların mövqeyini qanunvericilik müstəvisində ifadə etməlidirlər. İnsanların, məcburi köçkünlərin narahatlıqlarını dinləmək və aidiyyəti qurumlar qarşısında qaldırmaq onların əsas vəzifələrindən biridir. Onlar buna borcludurlar...”
Akif Nağı sonda dövlət-vətəndaş münasibətlərində etimadın qorunmasının vacibliyini vurğulayıb:
“Dövlətlə vətəndaş arasında qarşılıqlı etimad qorunmalıdır. İnsanların narazılığına səbəb olacaq addımlar atılmamalıdır. Azərbaycan Prezidenti də on illər boyu dəfələrlə bəyan edib ki, məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Və belə olan halda hesab edirəm ki, qeyd edilən narazılıqların məsuliyyətsizlikdən və ya bilərəkdən yaradılması dövlətimizə qarşı təxribatdır...
Əlqərəz, digər vətəndaşlar kimi, məcburi köçkünlərin taleyi ilə bağlı məsələlər də insan amili əsas götürülərək həll edilməlidir...”
Qeyd:
Açıqlamada adları çəkilən qurumlar, o cümlədən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcə də adlarına işarə edilən işğaldan azad edilmiş ərazilərdən seçilmiş deputatların açıqlama, rəy və təkliflərini dinləyib dərc etməyə hazırıq...
Sultan Laçın

