Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub
Bu gün, 17:27

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, “güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq”. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Qeyd edilməlidir ki, 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla yadda qalıb. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda - 2000-dən çox medal qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək edir, turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev görüş zamanı qeyd edib ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 46 müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Belə ki, Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində idman kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları təşkil edilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Azərbaycanın büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion da hazırda əsaslı şəkildə təmir edilir, yenidən qurulur.
Ötən il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi etdi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurlarla yadda qaldı. Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir. On bir gün ərzində yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir.
Onu da vurğulayaq ki, dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.
Beləliklə, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsinə də də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

