Göstəriş Qulu Olanların Mənəvi Səfilliyi
6-05-2026, 10:17

Sosial şəbəkələrdə özündən başqa hər kəsə hakim kəsilən, bir insanın ən xoşbəxt günündə onun geyimini "Temu" və ya "kasıblıq" etiketi ilə aşağılayanlar, əslində cəmiyyətin mənəvi parazitləridir. Bu insanlar başqasının kostyumunun qiymətini hesablamaqdan, o kostyumun içindəki insanlığın və ləyaqətin çəkisini görməyəcək qədər korlaşıblar.
Əsl kasıblıq cibdə deyil, düşüncədədir.
Bu gün birinin geyiminə lağ edənlərin çoxu, ömrü boyu öz zəhməti ilə bir kərpic üstünə kərpic qoymayan, başqasının hesabına yaşayan və ya kredit bataqlığında "brend" görünməyə çalışan zavallılardır.
Öz həyatında heç bir mövqeyi, heç bir uğuru və heç bir çəkisi olmayan bu "boş qablar", səs-küy salaraq öz əskikliklərini ört-basdır etməyə çalışırlar. Sənin özünə bir şalvar almağa belə iradən çatmadığı halda, ailə məsuliyyətini çiyinlərinə alan bir kişiyə lağ etmək, sadəcə tərbiyəsizlik deyil, həm də ağır bir xarakter kompleksidir.
Həyatı filtrli şəkillərdən və saxta statuslardan ibarət olan bu kütlə üçün insan dəyəri sadəcə maddiyyatla ölçülür. Onlar elə zənn edirlər ki, bahalı marka geyinəndə daxillərindəki cılızlıq yox olur. Lakin yanılırlar:
Bahalı parça, ucuz xarakteri örtə bilməz.
Zəhmətlə, alın təri ilə qazanılan hər şey müqəddəsdir. O bəyin kostyumu bəlkə sadədir, amma o kostyumun içindəki qürur, onu tənqid edən minlərlə "bahalı" müqəvvanın cəmindən daha ağırdır.
Sizə Gülmək Lazımdır, O Bəyə Yox
Esl gülüş hədəfi, öz həyatını qura bilməyib, başqasının xoşbəxtliyinə "klaviatura qəhrəmanlığı" edənlərdir. Bir insanın maddi imkanı ilə lağ etmək, əslində taleyin sənə verdiyi imkanı (əgər varsa) itirməyə olan ən qısa yoldur. Çünki bu gün güldüyün o "kasıblıq", sabah sənin mənəvi sığınacağın ola bilər.
Bu tip insanlara verilecek ən kəskin cavab budur: O bəy öz həyatının qəhrəmanıdır, siz isə sadəcə başqalarının həyatını kənardan izləyib zəhər qusan tamaşaçılarsınız. Sizin "marka" dediyiniz şeylər bazarda satılır, amma o bəyin sahib olduğu cəsarət və səmimiyyət heç bir mağazada tapılmır.
Sima Babayeva
TEREF

