Norveç vətəndaşları mülklərini itirəcəklər – Səbəb Rusiyadır

21-01-2026, 10:34           
Norveç vətəndaşları mülklərini itirəcəklər – Səbəb Rusiyadır
Norveçdə vətəndaşlara kütləvi şəkildə məktublar göndərilərək, Rusiya ilə müharibə başlayacağı təqdirdə ordunun onların evlərini və nəqliyyat vasitələrini müsadirə edəcəyi haqda xəbərdarlıq olunub.

TEREF xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Norveç hərbi rəsmiləri bildiriblər ki, sözügedən məktublar mümkün rekvizisiya (fövqəladə hallarda dövlət və ya hərbi qurumlar tərəfindən şəxsi və ya təşkilatlara məxsus əmlakın məcburi qaydada götürülməsi və ya müvəqqəti istifadəyə verilməsi – red.) ilə bağlı əvvəlcədən xəbərdarlıq xarakteri daşıyır.

Qeyd olunub ki, rekvizisiya siyasəti nəqliyyat vasitələrinə, qayıqlara, texnikaya və digər əmlaka şamil olunur. Ümumilikdə 13500-ə yaxın hazırlıq rekvizisiyası sənədi təqdim edilib və bu, bir il müddətində qüvvədə olacaq.

Norveç Silahlı Qüvvələrinin açıqlamasında bildirilib ki, bu addımın məqsədi müharibə şəraitində ölkənin müdafiəsi üçün zəruri resurslara çıxışın təmin edilməsidir.

Məktubu alanların əksəriyyəti üçün bu xəbər gözlənilməz olmayıb. Belə ki, onların təxminən üçdəikisi əvvəlki illərdə verilmiş rekvizisiya bildirişlərinin yenilənmiş formasıdır.

Rekvizisiya ilə bağlı bu addımlar Trampın Qrenlandiyanı anneksiya etmə planları fonunda yaşanan diplomatik gərginlik dövrünə təsadüf edir.

Norveçin müdafiə naziri Ture O. Sandvik “The Telegraph”a müsahibəsində Rusiyanın Arktikada hərbi bazalarını genişləndirdiyini bildirib. Onun sözlərinə görə, Rusiya Kola yarımadasında, dünyanın ən böyük nüvə döyüş başlıqları arsenalının yerləşdiyi ərazidə silahlanmanı artırır.

“Bu silahlar təkcə Norveçə deyil, Böyük Britaniyaya, eləcə də Şimal qütbü üzərindən Kanada və ABŞ-a yönəlib”, – deyə nazir vurğulayıb.

Sandvik əlavə edib ki, Moskva Arktika regionuna tam nəzarət əldə etməyə çalışır və bununla NATO-nun əsas dəniz nəqliyyatı yollarına çıxışını məhdudlaşdırmaq niyyətindədir.

“Biz bu bölgədə NATO-nun gözü və qulağıyıq. Görürük ki, onlar hipersəs raketləri, nüvə mühərrikli torpedalar və yeni nüvə başlıqları kimi silahları sınaqdan keçirirlər”, – deyə Norveçin müdafiə naziri vurğulayıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]