FSB milyardlıq saxtakarlıq sxemini aşkarladı - VİDEO
Bu gün, 00:08

Rusiyada xarici sanksiyalardan yayınaraq yerli şirkətlərin səhmlərini qanunsuz yolla əldə etməkdə şübhəli bilinən şəxslərə qarşı cinayət işi açılıb.
Bizimesr.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, FSB əməkdaşları Rusiya şirkətlərinin ümumi dəyəri 7 milyard rubldan artıq olan səhmlərinin qanunsuz əldə edilməsinə yönəlmiş genişmiqyaslı saxtakarlıq sxemini aşkar ediblər.
Bildirilir ki, Kiprdə qeydiyyatdan keçmiş Mind Money Limited broker şirkətinin (əvvəlki adı Zerich Securities Ltd.) rəhbərləri və onların əlbirləri sanksiya məhdudiyyətlərini aşmaq məqsədilə qanunsuz fəaliyyət göstəriblər.
İstintaqın versiyasına görə, şübhəlilər sanksiyalar tətbiq edilməzdən əvvəl xarici fond bazarlarında dövriyyədə olan Rusiya şirkətlərinin səhmlərinə hüquqlar əldə edib, daha sonra saxta sənədlərdən istifadə etməklə dondurulmuş Amerika Depozitar Qəbzlərini (ADR) Rusiya şirkətlərinin səhmləri ilə dəyişdiriblər.
FSB-nin məlumatına əsasən, bu sxemin həyata keçirilməsi zamanı şübhəlilərin İnvestisiya Palatası MMC rəhbərliyi ilə gizli əlbir olduqları iddia edilir. Nəticədə Rusiya şirkətlərinə xüsusilə külli miqdarda zərər vurulduğu bildirilir.
Moskva və Sankt-Peterburqda şübhəlilərin yaşayış və iş yerlərində axtarışlar aparılıb. Axtarışlar zamanı rabitə vasitələri, sənədlər, Rusiya və xarici hüquqi şəxslərin möhürləri, kriptovalyuta cüzdanlarının saxlandığı rəqəmsal daşıyıcılar, həmçinin 100 milyon rubldan artıq nağd pul müsadirə olunub.

