Bu ölkədə itlər də məktəbə gedir

23-01-2026, 10:14           
Bu ölkədə itlər də məktəbə gedir
Kanadada bəzi itlər günə adi məktəblilər kimi başlayır. Sahibləri uzun iş saatlarında evdə tək qalmamaları üçün itlərini xüsusi “it məktəblərinə” – gündüz baxım mərkəzlərinə göndərirlər.
TEREF Lent.az-a istinadla xəbər verir ki, səhər saatlarında evlərin qarşısına mikroavtobus gəlir, qapılar açılır və itlər gün ərzində müxtəlif fəaliyyətlərin keçirildiyi mərkəzlərə aparılır.
Bu xidmət "dog-daycare" - gündüz baxımı formatında təşkil olunur. İtlər birbaşa evdən götürülərək baxım mərkəzinə çatdırılır. Gün ərzində onları oyunlar, gəzintilər, sosiallaşma məşğələləri, istirahət və mütəxəssislərin nəzarəti altında müxtəlif fəaliyyətlər gözləyir. Axşam saatlarında isə itlər yenidən evlərinə qaytarılır və sahiblərinə təhvil verilir.
Xidmətin məqsədi yalnız əyləncə deyil. Bu yanaşma itlərin tək qalmaqdan yaranan stressini azaldır, eyni zamanda sahiblərin rahatlığını təmin edir. İtlər qapalı məkanda tənha qalmaq əvəzinə, xüsusi hasarlanmış açıq sahələrdə qaçır, oynayır, dincəlir və digər itlərlə ünsiyyətdə olurlar.
Qrupların təhlükəsiz və sakit olması üçün hər bir it əvvəlcədən yoxlanılır və uyğunluq qiymətləndirilməsi aparılır. Mütəxəssislər bu təcrübənin getdikcə daha geniş yayıldığını bildirirlər, çünki bu üsul heyvanların uzun müddət tənha qalmasının qarşısını alır.
Hazırda itlər üçün baxım və nəqliyyat xidmətləri Kalyari Toronto və Kiçener–Vaterloo bölgələrində fəaliyyət göstərir. "Ruff and Puff" və "PawTrips" kimi şirkətlər kiçik avtobuslarla itləri birbaşa sahiblərinin evlərindən götürürlər.
Bu xidmətdən istifadə edən sahiblər bildirirlər ki, itləri günün sonunda evə daha sakit, xoşbəxt və yorğun qayıdır. Mütəxəssislərin fikrincə, bu format xüsusilə təkliyə çətin dözən, narahatlıq yaşayan və ya yüksək enerjiyə malik itlər üçün daha faydalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]