İranın 10 min km məsafəni vuran raketi var? – ŞƏRH
23-01-2026, 12:18

Ötən günlərdə İranın yeni ballistik raketini sınaqdan keçirdiyi barədə xəbər yayılıb. Tribuna.az xəbər verir ki, Simanan əyalətində keçirilən sınaqlardan sonra iddia olunub ki, həmin raketlər 10 min km məsafəni vura bilir.
Hətta raketi sınaqdan keçirmək üçün Rusiya ərazisindən də istifadə edildiyi deyilir. Bildirilir ki, İran tərəfi Rusiyadan icazə alaraq, yeni ballistik silahını Sibirə atıb.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, yeni raketlərin hazırlanması məsələsi hələ 12 günlük İsrail-İran savaşından sonra gündəmə gəlmişdi. Onun sözlərinə görə, bir çox iranlı rəsmi 10 min km məsafəni vuracaq raket hazırlanması prosesinə başlanılmasını təklif edirdi. “Həmin vaxt belə raketlərə sahib olmağın vacib olduğu deyilirdi. Çünki ABŞ-ın hücumundan ciddi təsirlənən Tehran hakimiyyəti Vaşinqtonu vurmağın artıq zəruri olduğunu deyirdi. Lakin məsələ həmin vaxt açıq qaldı”.
O qeyd edib ki, İranın indiki məqamda 10 min km məsafəni vura biləcək raket texnologiyasına sahib olması mümkün deyil. Fəraməzoğlu hesab edir ki, bunun üçün uzun bir zaman lazımdır. “İran əlindəki raketləri Çin və Şimali Koreyanın dəstəyi ilə araya-ərsəyə gətirirb. Yəni, onların verdiyi texnologiyalar sayəsində bu imkana sahib olub. Təbii ki, özünün də mütəxəssisləri var. Amma onlar bu raketləri 10 min km məsafəni vuracaq qədər gücləndirmək imkanına sahib deyillər. Belə bir texnalogiyanı Çin və Koreya da İrana verməzlər”.
Ekspert bildirib ki, İranın bu gün əlində ən yaxşı halda 3000 km-i vura biləcək ballistik raketlər var. “Onlardan biri “Siccil”dir ki, 12 günlük müharibədə İsrailə qarşı istifadə olundu. Bu gün İranın hədəflərindən biri 3500-5000 km məsafəni vura bilən ballistik raketə sahib olmaqdır. Bunun üçün də ciddi çalışdıqları göz qabağındadır”.
Fəraməzoğlu yekunda bildirib ki, 10 min km söhbəti İran tərəfindən məqsədli şəkildə ortaya atılıb. Onun sözlərinə görə, bu indiki məqamda Tehrana lazımdır. “İran bu xəbəri qəsdən gündəmə gətirib. Xüsusən ABŞ-la münasibətlərin kəsin olduğu bir vaxtda. Çünki bu xəbəri indi dövriyyəyə buraxmaqla rejim bir neçə hədəfinə çatacağını düşünür. Birincisi, ABŞ-ın fikrindən daşınmasına nail olacağıdır. Tehranda düşünürlər ki, yeni raket söhbəti ABŞ-ın hücum prosesini ən azı bir neçə ay təxirə sala bilər. Ona görə ki, bunu dəqiqləşdirmək üçün Ağ Evə vaxt lazım olacaq. İkincisi isə rejim öz tərəfdarlarında güvəncə yaratmağa çalışır. Son hadisələrdən sonra tərəfdarları yanında etimadı aşağı düşən rejim, bununla müəyyən qədər tarazlığı bərpa etmək düşüncəsindədir”.
Fərda Uğur

