Şahın oğlu İrana ZƏRBƏ endirməyə çağırdı – xalqın KRİTİK gözləntisi
24-01-2026, 00:09

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin ABŞ-nin “Foks Nyus” telekanalına verdiyi son açıqlamalar diqqət çəkib.
Pəhləvilər nəslinin nümayəndəsi dolayısı ilə deyib ki, xalq Trampın yolunu gözləyir. Onun fikrincə, Ağ Ev sahibi sözünü tutan, sülh tərəfdarı və insan həyatı üçün məsuliyyət daşıyan liderdir. Pəhləvi bu kontekstdə ABŞ-nin açıq dəstəyinin, xüsusilə də repressiya alətlərinin aradan qaldırılmasının və etirazçıların müdafiəsinin vacib olduğunu qeyd edib.
İran siyasəti üzrə təhlilçi Fikrət Fərəməzoğlu Musavat.com-a bildirib ki, Rza Pəhləvi yanılır:
“Bu qədər hadisələrdən sonra hələ də ümid edir ki, İranın yeganə lideridir. Amma vəziyyət başqadır. İran cəmiyyəti yağışdan çıxıb, yağmura düşmək istəmir. Onları artıq Pəhləvi maraqlandırmır. Bu məsələnin bir tərəfidir.
İkincisi, Pəhləvi İranda parçalayıcı fiqurdur, birləşdirici deyil. Onun bu şəkildə açıqlamalar verməsi hələ də "bəlkə də qaytardılar" düşüncəsindən irəli gəlir.
Nəhayət, İran xalqı dəstək gözləyir. Bu, dəqiqdir. Amma Rzanın dediyi dəstəyi yox. İranda insanlar hesab edirlər ki, beynəlxalq aləm molla rejimini daha çox sıxarsa, bütün dəlmə-deşikləri bağlarsa, istisna etməzsə, onlar problemi küçədə həll edə bilərlər. İran xalqı bu gücə sahibdir”.
Siyasi şərhçinin fikrincə, vaxtı ilə şahı devirib, mollaları hakimiyyətə gətirən xalq, mollanı devirib, istədiyini yenidən rəhbər gətirə bilər:
“Ona görə də, "Tramp, gəl kömək elə" çağırışı Rzanın şəxsi istəyidir”.

