Rusiyada benzinin qiyməti kəskin bahalaşdı
24-01-2026, 12:18

Rusiyada benzin qiymətlərində ciddi artım qeydə alınıb.
XALQ bildirir ki, Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasının məlumatına görə, 2026-cı ilin yanvar ayında Aİ-92 markalı benzinin birja qiyməti təxminən 10 faiz yüksəlib.
Belə ki, Aİ-92 benzininin qiyməti 9,25 faiz artaraq bir ton üçün 59 030 rubla çatıb. Aİ-95 markalı benzin isə ay ərzində nisbətən az bahalaşıb – qiymət 2,7 faiz artaraq 60 320 rubl olub.
Eyni zamanda, ilin əvvəlindən etibarən bütün markalı dizel yanacağının qiymətində ucuzlaşma müşahidə edilib.
Ekspertlər benzinin bahalaşmasının əsas səbəbi kimi ixrac məhdudiyyətlərinin aradan qaldırılması ehtimalını göstərirlər. Məlumata görə, Rusiya Energetika Nazirliyi benzin istehsalçıları üçün ixrac qadağasının ləğvi ilə bağlı təklifi yanvarın 26-da irəli sürüb.
Sankt-Peterburq Birjasının prezidenti İqor Artemyev neft emalı zavodlarında yığılmış ehtiyatların bazara buraxılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu addım qısamüddətli xarakter daşımalı və benzin ixracı ilə bağlı mövcud qaydalar aprel ayına qədər bərpa olunmalıdır.

