Ağ Ev Hindistanla 500 milyard dollarlıq müqavilənin təfərrüatlarını açıqlayıb
4-02-2026, 15:14
Hindistan ABŞ-dan daha çox neft almağa razılaşıb.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Fox News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hindistan Rusiya neftinin alınmasını dayandırmağa və ABŞ-dan, eləcə də mümkün olaraq Venesueladan daha çox neft idxal etməyə razılıq verib.
Livitt qeyd edib ki, ABŞ ilə əldə olunan razılaşma çərçivəsində Hindistanın baş naziri Narendra Modi Amerika enerjisi, nəqliyyat vasitələri və kənd təsərrüfatı məhsullarının alınmasına ümumilikdə 500 milyard dollar xərcləməyi öhdəsinə götürüb.
Fevralın 2-də ABŞ prezidenti Donald Tramp da Narendra Modinin Rusiya neftinin alınmasını dayandırmağa razılaşdığını bəyan edib. Ağ Evin rəhbəri Modi ilə danışmağı “ən yaxşı dostlardan biri” və “öz ölkəsinin nüfuzlu və hörmətli lideri” ilə ünsiyyət kimi qiymətləndirib.
The Washington Post (WP) qəzetinin məlumatına görə, ABŞ Hindistanın Rusiya neftindən imtina edəcəyi təqdirdə bu ölkəyə qarşı tətbiq olunması nəzərdə tutulan 25 faizlik əlavə gömrük rüsumlarını ləğv etməyi vəd edib.