Ruslar Krasnodardan imtina edir - Qara dənizin kurort şəhərləri yararsız hala gəlir
Bu gün, 11:18
May tətilləri zamanı Krasnodar diyarında otel otaqlarına tələbat illik müqayisədə 20,7% azalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası turizm şirkətlərinə istinadla məlumat yayıb.
Ümumilikdə Rusiya üzrə 27 apreldən 11 maya qədər olan dövrdə otel sifarişləri illik müqayisədə xeyli azalıb. On əsas məkanın hamısında tələbat aşağı düşüb - Nijni Novqorod vilayəti (-19,7%), Yaroslavl vilayəti (-19,5%) və Krım (-14,2%). Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, tələbat illik müqayisədə 15% azalıb.
Ukrayna PUA-larının hücumları, hava limanlarının bağlanması və Tuapsedəki ekoloji fəlakət səbəbindən Rusiya daxilində istirahətə tələbat sürətlə azalır. Krasnodar diyarının Qara dəniz sahilindəki kurort şəhərləri iki həftədir ki, Ukrayna Silahlı Qüvvələrinin davamlı hücumlarına məruz qalır. Zərbələrdən zərər çəkən Tuapse neft emalı zavodunda baş verən bir neçə böyük yanğından sonra şəhər "neft yağışları" ilə örtülüb, benzol və digər təhlükəli maddələr havaya buraxılıb, zədələnmiş saxlama çənlərindən Tuapse çayına və Qara dənizə neft məhsulları axıb.