Kim daha çox Xomeyniçidir: CENTCOM, Xamenei, Tramp, yoxsa SEPAH?
Bu gün, 10:28

Bu gün İranda iki İranın var olduğu özünü açıq şəkildə büruzə verir. İrandakı İrandan biri sivil hakimiyyətdir. Xarici siyasətdə diplomatik yola sadiq olan bu İran daxili siyasətdə də bəzi demokratik islahatların tərəfdarı kimi çıxış edir. Amma əlində geniş imkanlara malik silahlı güc olmadığından həmişə ən kritik anda digər İranın qapazaltısına çevrilib susmaq məcburiyyətində qalır.
Hazırda İrandakı real hakimiyyəti əlində tutan zorba İran isə əsasən SEPAH güclərindən ibarətdir. Xomeyni çevrilişindən sonra İranın real hakimiyyətinə yiyələnən SEPAH ölkə Konstitusiyasının bir sıra maddələri ilə legitimlik hüququ qazanmışdır.
Konstitusiyanın 150-ci maddəsinə görə, SEPAH inqilabı və onun nailiyyətlərini qorumaq üçün mövcud olmağa davam etməli və 110-cu maddə ilə isə Ali Rəhbərə, yəni İranın dini liderinə bağlı qalmalıdır. Əslində ABŞ-la anlaşmazlıqların, ardı-arası kəsilməyən müharibənin davam etməsinin səbəbi də məhz SEPAH-ın bu toxunulmazlığı ilə bağlıdır. ABŞ və İrandakı mütərəqqi qüvvələr SEPAH-ın bu toxunulmazılığının ortadan qaldırılmasını və klassik orduya – Ertəşə inteqrasiya olunmasını istəyirlər. SEPAH isə bu tələblərlə razılaşmır və bütün gücüylə dirənişini davam etdirir.
Bəs bilirsinizmi ki, SEPAH-ın Ertəşə inteqrasiyası ideyasının ilk müəllifi kimdir? Yox, bilə bilmədiniz. Bu inteqrasiyanı İsraildən də, ABŞ-dan da, İrandakı mütərəqqi qüvvələrdən də əvvəl istəyən birisi vardı - Ruhullah Xomeyni. Bəli, bəli, İran İslam Respublikasının qurucu lideri olan Xomeyni.
Hər halda bunu biz yox, İranın Xameneidən sonra seçilən ikinci prezidenti Haşimi Rəfsəncani iddia edir. Məlumata görə, o, 22 mart 1989-cu il tarixli xatirələrində Xomeyninin ordu ilə SEPAH-ın sonda vahid qüvvədə birləşməsinin zəruriliyini qəbul etdiyini, lakin dövrün son dərəcə təhlükəli olduğuna və SEPAHA bağlı qüvvələrin üsyan edə biləcəyinə inanırmış. Rəfsəncaninin iddiasına görə, Xomeyni bu inteqrasiyanı rədd etməmiş, sadəcə müvafiq dövrə qədər təxirə salmışdı.
Xomeyninin ölümündən sonra Rəfsəncani məhz dini liderin sözlü vəsiyyətlərini nəzərə alıb İnqilab Keşikçiləri Nazirliyi ilə Müdafiə Nazirliyini birləşdirmək eşqinə düşmüş, hətta bu istiqamətdə bəzi mühüm qərarlar belə vermişdir. Lakin SEPAH-ın müqaviməti ilə üzləşmiş və daha dərin inteqrasiyaya gedə bilməmişdir.
Məsələyə aspektdən baxanda hazırda öz şəxsi ambisiyalarına görə İranı ABŞ-la yoxoluş savaşına sürükləyən SEPAH-dan daha qatı Xomeyniçi var – ABŞ və onun prezidenti Donald Tramp. Ən azı ona görə ki, Donald Tramp Ruhullah Xomeyninin yarımçıq qalmış arzularını reallaşdırmağa çalışır. SEPAH isə özünün ilk lideri Xomeynini saymadığı kimi, Trampı da dinləmək istəmir, binəva İran əsgərlərini Centcom-un ətçəkən maşınından keçirir.
Heydər Oğuz



