Sistaninin qohum-əqrəbası niyə Xameneinin dəfn mərasimində passiv iştirak ediblər?
Bu gün, 00:06

İranın ölkəmizdəki “xüsusi nümayəndələri” Xameneinin cənazə namazını Ayətullah Sistani həzrətlərinin qıldırması ilə əlaqədar Qum üləmasının heç bir gözləntisi olmadığını bildirirlər. Çünki onun sağlamlığının buna imkan vermədiyi Qum üləmasına da bəlli imiş və onlar guya boş gözləntiyə yuvarlana bilməzlərmiş. Farslar demişkən, xeyli xub. Amma məsələ burasındadır ki, Sistaninin oğlu Məhəmməd Rza Sistaninin Əli Xameneinin ofisinə yazdığı məktub tamamilə başqa versiyaları ağla gətirir.
Rəsmi məlumata görə, oğul Sistani sözügedən məktubu Xameneinin ofisinə göndərib. Məktubda yazılıb: “Atamın fiziki və sağlamlıq vəziyyəti ona Əli Xamenei ilə vida mərasimində iştirak etməyə və cənazəsi üzərində namazı qıldırmağa imkan vermir”.
Sual oluna bilər: Qum üləmasına və İran dini liderinin ofisinə Sistaninin sağlamlıq durumu gün kimi aydın idisə, Məhəmmədrza əfəndi niyə bu izahatı vermək ehtiyacı hiss edib?
Üstəlik, İranın bəzi media orqanlarının yazdığına görə, oğul Sistani atasının cənazə namazını qılmaq istədiyini, amma səhhətinin buna imkan vermədiyini yazıb. Deməli, heç də bir çoxlarının düşündüyü kimi, Sistani həzrətlərinin 10 ildən artıqdır ki, heç kimin cənazə namazını qıldırmadığı barədə mülahizələr yalnışdır. Əks halda, Məhəmmədrza əfəndi atasının bu namazı qıldırmaq arzusundan bəhs etməzdi.
Dini liderə yaxınlığı ilə seçilən “Keyhan” qəzetinin bildirdiyinə sözlərinə görə, Xameneinin cənazəsi üzərində namazı Ayətullah Məhəmməd Səid Hakimin qardaşı Məhəmməd Təqi əl-Həkim qılıb. Yəni Xameninin cənazə namazında Sistaninin iki oğlu iştirak etsə də, namaza imamlıq edən onlar olmayıb.
Maraqlıdır ki, yenə yarı-rəsmi media orqanları Seyid Əli Sistaninin kürəkəni və İrandakı nümayəndəsi Cavad Şahrestaninin də Tehrandakı dəfn mərasimində və cənazə namazında iştirak etmədiyini vurğulayıb. Əcəba niyə?
Görünür, bu kimi suallara doğru-düzgün cavab tapa bilməyən müxalif sosial media orqanı "راه آزادی ایران" (İranın Azadlıq Yolu) yazıb: “Əli Sistaninin Əli Xameneinin dəfn mərasiminə imamlıq etməkdən imtinası İslam Respublikasının ikinci liderinin öldürülməsindən bəri İranın bir neçə şəhərində bir sıra dəfn və vida mərasimləri planlaşdırdığı və hazırda İraqın dini şəhərlərində mərasimlər keçirərək bu ənənəni davam etdirməyə çalışıldığı bir vaxta təsadüf edir”.
Göründüyü kimi, Sistani ailəsinin İran dini liderinin dəfn mərasimində iştirak etməməsi İran müxaliflərinin də gözündən yayınmayıb.
Heydər Oğuz
TEREF

