Azalan neft hasilatı - Qaz hasilatının gəlirləri onu əvəz edəcək?

18-11-2025, 17:14           
Azalan neft hasilatı -  Qaz hasilatının gəlirləri onu əvəz edəcək?
Son illər davamlı olaraq Azərbaycanın xam neft hasilatında müşahidə edilən azalma 2025-ci ilin arxada qalan 9 ayında da qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında sektor üzrə ümumi neft hasilatı 20,6 milyon ton neft olub ki, bu əvvəlki ilin eyni dövrünə nisbətən 4,5 faiz və ya 1,1 milyon ton azdır. Əgər ilin 3 rübü ərzində baş verən azalmanın sürəti dəyişməsə, bütövlükdə 2024-cü illə müqayisədə bu il neft hasilatının 1,5 milyon ton azalaraq, 27,5 milyon ton təşkil edəcəyi faktı kifayət qədər real görünür.

Cədvəl 1: 2010-2025-ci ildərdə xam neft hasilatı, mln. tonla


Qeyd: 2025-ci il proqnoz məlumatıdır.

Dövlət Statistika Komitəsinin enerji məlumatları bazasında təqdim edilən məlumata görə, 2010-2024-cü illərdə Azərbaycanın əmtəəlik xam neft hasilatı az qala yarıbayarı azalaraq, 50,7 milyon tondan 29 milyon tona enib. Dövlət Neft Şirkətinin illik hesabatlarında təqdim olunan hasilat göstəricilərindən aydın olur ki, 2010-2024-cü illərdə SOCAR-ın xam neft istehsalı sabit qalıb və hasilatdakı kəskin azalma xarici neft şirkətlərinin istehsalındakı ixtisarla bağlıdır. Belə ki, bu çərçivədə hasilat 2 dəfədən çox azalaraq, 43,3 milyon tondan 21,5 milyon tona enib. Təhlildə baza ili kimi 2010-cu ilin seçilməsi təsadüfi deyil. Həmin il Azərbaycan tarixində ən pik səviyyədə xam neft hasilatı qeydə alınıb. Sonrakı ildən etibarən isə davamlı azalma başlayıb. Həmin ildən sonrakı dövrdə hər 5 ildən bir neft hasilatı 7-8 milyon ton kiçilib.

Hökumətin parlamentə təqdim etdiyi 2026-cı il üzrə büdcə sənədlərində[i] açıqlanan proqnozlara görə, artıq 2025-2026-cı illərdə SOCAR-ın da hasilatında azalma baş verəcək. Belə ki, 2025-ci ildə SOCAR-ın xam neft hasilatı 2024-cü illə müqayisədə 1,4 milyon ton, 2026-cı ildə isə əlavə 0,5 milyon ton azalacaq.

Nəhayət, 2026-cı il üçün SOCAR-dan gözlənilən hasilat göstəricisi 5,6 milyon ton təşkil edir. Bu proqnozlarda baxdıqda gələn il ümumilikdə ölkə üzrə hasilatın isə 27 milyon tondan da aşağı düşə biləcəyini görürük. Neft hasilatının azalması dövlət büdcəsinə ödənilən neft vergilərinin də məbləğinin sürətlə kiçilməsinə səbəb olur.

Cədvəl 2: 2010-2025-ci illərdə neft sektoru üzrə dövlət büdcəsinə vergi ödənişləri, mln. manatla


Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair açıqladığı rəylərdən əldə olunan məlumatlar göstərir ki, bu sektordan 2022-ci ilədək büdcəyə ödənən vergilər neft hasilatı ilə bağlı olub – SOCAR-ın və Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində xarici şirkətlərin çıxardığı neftə görə ödənilib. 2022-ci ildən başlayaraq, Şahdəniz layihəsi çərçivəsində qaz hasilatına görə vergi ödəmələrinə start verilib. 2010-2021-ci illərdə neft sektorunun vergiləri təxminən 2-2.2 milyard manat intervalında olsa da, 2022-ci ildə Şahdənizin ödəmələri hesabına kəskin şəkildə artaraq 7,4 milyard manata çatıb.

Parlamentə təqdim olunan sənədlərdən aydın olur ki, 2025-2026-cı ildə bütövlükdə neft-qaz sektoru üzrə vergi ödəmələrində azalma davam edəcək və 3,6 milyard manat ətrafında sabitləşəcək. Bu isə 2022-ci ildə qeydə alınan pik məbləğdən 2,1 dəfə azdır. Bu dövr üzrə xam neftə görə vergi ödəmələrində azalmanın 1 milyard manata yaxın olacağı gözlənilir.

Qaz gəlirlərinin azalması isə əsasən təbii qazın satış qiymətinin kəskin düşməsi ilə bağlıdır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Avropada qazın orta illik qiyməti 5 dəfədən çox artmışdı və artıq qiymətlərin tədricən müharibədən əvvəlki səviyyəyə yaxınlaşması müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]