“Kölgə kəşfiyyatı”ndan ŞOK hesabat – Azərbaycan, Ermənistan və Gürcüstan…

9-02-2026, 16:36           
“Kölgə kəşfiyyatı”ndan ŞOK hesabat –
“Ermənistanda Qərb istiqamətli resurslar aktivləşir və ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanı nüfuzdan salmağa çalışır”. Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qurumların fəaliyyəti Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmaq məqsədi daşıyır. Kopırkin əlavə edib ki, Avropa İttifaqı hazırda getdikcə daha çox hərbiləşdirilmiş forma alır və respublikada açıq şəkildə anti-Rusiya siyasəti yürüdür. Müsahibə zamanı səfir həmçinin, xatırladıb ki, Moskva Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qaldığını və təşkilata üzvlüyün dondurulması ilə bağlı heç bir müddəanın olmadığını güman edir…

Bu arada ABŞ-ın “kölgə kəşfiyyatı” və “beyin mərkəzi” sayılan “Stratfor”un yaradıcısı və nüfuzlu analitiki Corc Fridman deyib ki, Rusiya Cənubi Qafqazı itirib və Orta Asiyadakı mövqeyi xeyli zəifləyib. Onun qənaətincə, postsovet məkanında Rusiyanın təsirinin zəifləməsi xüsusilə Orta Asiyada və Cənubi Qafqazda nəzərə çarpır. Vəziyyət Rusiyanın Ukraynadakı “strategiyasının” uğursuzluğu ilə daha da ağırlaşır. Fridmanın sözlərinə görə, Orta Asiya özünü Moskvadan uzaqlaşdırıb və indi ABŞ-a doğru yenidən istiqamətləndirir. Region ölkələri Çinlə əlaqələrini fəal şəkildə gücləndirirlər.

Fridman Rusiyanın Cənubi Qafqaz üzərində nəzarəti itirdiyini də vurğulayıb: Azərbaycan, Ermənistan və Gürcüstan müstəqilliklərini möhkəmləndirib və “indi Amerikanın əhəmiyyətli təsiri altındadırlar” (Haqqin.az).
Ekspert habelə Moskvanın hətta Ukraynanı, Baltikyanı ölkələri belə fəth edə bilmədiyini vurğulayaraq əlavə edib ki, Kreml qərbdə bufer zonası yaratmaq cəhdində də uğursuz olub. Onun fikrincə, bu geosiyasi dəyişiklik iqtisadi amillərlə gücləndirilir. Məsələn, Hindistanın Rusiya neftini almağı dayandırmaq qərarı – bu da Rusiyanın qlobal iqtisadi təsirini itirməsinə doğru daha geniş bir meylin göstəricisidir.

Analitiklərdə belə bir yekdil fikir var ki, ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, eləcə də TRIPP layihəsi Rusiyanın Cənubi Qafqazdakı zəifləmiş mövqeyinin əhəmiyyətli nəticələri kimi qəbul edilir.

Fridman haqlımı? Rusiya Güney Qafqazı geridönməz şəkildəmi itirib? Moskvanın İrəvana artan hədələri həm də bununlamı bağlı?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a bildirib ki, bu məsələdə iki proses gedir. Onun sözlərinə görə, birincisi, Cənubi Qafqazın iki ölkəsi münaqişəni həll etməklə öz suveren siyasətini və dövlətçiliyini gücləndiriblər: “Digər tərəfdən isə Ukraynada gedən müharibə Rusiya üçün ictimai-siyasi, eləcə də iqtisadi problemlər yaradır. Fakt budur ki, Rusiya böhran içindədir. Yəni hansısa güc mərkəzi digərindən, belə desək, kimisə kimdənsə ala bilməz. Sadəcə, təbii proseslər gedir. Eyni zamanda, dövlətlər regional və transregional əməkdaşlıqlar qururlar. Bu da öz təsirini göstərir. Ona görə də Rusiyanın zəifləməsi yanlış siyasi qərarlarının nəticələridir. Nəticədə Cənubi Qafqaz ölkələri digər güc mərkəzləri ilə əlaqələri genişləndirir”.

T.Zülfüqarov hesab edir ki, bu prosesin təşəbbüskarı, belə vəziyyətə düşməsinin səbəbi Rusiya özüdür:

“Yəni bu ölkədə iqtisadi, maliyyə və təhlükəsizlik böhranıdır. Həmçinin, daxildə gərginlik artıb, millətlərarası ələqələrin hansı səviyyədə olduğunu görməkdəyik, hətta vəziyyət o dərəcəyə çatıb ki, havadan müdafiə sistemləri respublikalarda rəhbərlər tərəfindən idarə olunur. Biz bunu təyyarəmizin vurulmasında gördük. Bir sözlə, Rusiyanın böhran içində olduğu göz qabağındadır”.
“Postmünaqişə dövründə Rusiya Cənubi Qafqaza qayıda bilərmi” sualına cavabında politoloq qeyd edib ki, birincisi, orada Ukrayna ilə bağlı danışıqlar yekun sülh deyil: “Atəşkəs o demək deyil ki, münaqişə bitir. Sadəcə, dondurula bilər. Münaqişəni gündəmə gətirən səbəblər də mövcuddur. Deməli, atəşkəsdən sonra sanksiyalar, təzyiqlər qalacaq, bu da böhranın davam etməsi deməkdir. Rusiyanın isə bu halda geopolitik fəallığını gözləmək olmaz. Rusiya uzun müddət bunun təsirlərini yaşayacaq. Nəticədə atəşkəsdən sonra münaqişə bitməyəcək, gərginlik qalacaq. Bundan sonra Rusiyadan hansısa bəyanatlar ola bilər, amma Moskvanın nəyəsə al atmaq qabiliyyəti yoxdur, artıq buna qadir deyil”.musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru