“Damarlarımızda axan türk qanı ilə fəxr edirik” – bu cümləni Britaniyanın baş nazirinin bacısı yazmışdı!
14-02-2026, 00:08

Baş nazir Boris Consonun ailəsi ilə aparılan tarixi müsahibələr və Azərbaycan jurnalistikasının beynəlxalq uğuru
Dəhşətli müharibə gedirdi, paytaxt Kiyev atəş altında idi (2022). Dünya nəfəsini tutmuşdu. Elə həmin vaxt dünya mediasında Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun Kiyev küçələrində Zelenski ilə yanaşı addımladığı görüntülər yayıldı. Bu, təkcə Ukrayna üçün deyil, bütün azad dünya üçün rəmzi bir addım idi.
Mən də həmin an düşündüm: nəsə etməliyəm…
Araşdırdım və Boris Consonun bacısı — tanınmış jurnalist və yazıçı Raşel Sabiha Consona yazdım. Təsəvvür edin: Britaniya kimi super güc ölkənin baş nazirinin bacısı ilə bir azərbaycanlı jurnalist olaraq whatsapp-da yazışıram…
İlk cavabı belə oldu: “Şokdayam… Sən bunu necə bacardın?”
Səmimi şəkildə hər şeyi izah etdim… Ona müsahibə təklif etdim. Əvvəlcə tərəddüd etdi, amma dedim:
“Bu müsahibə mənim kimi gənc bir jurnalist üçün böyük bir şans olacaq. Jurnalist karyeramda ən dəyərli müsahibələrdən biri olar.”
Nəhayət, razılaşdı:
“Suallarını göndər, cavab verəcəm – amma qısa. Hazırda çox məşğulam.”
Cavabları oxuyanda heyrətə gəldim.
“Damarlarımızda axan türk qanı ilə fəxr edirik” – bu cümləni Britaniyanın baş nazirinin bacısı yazmışdı!
Daha sonra isə Boris Consonun atası, tanınmış siyasətçi, yazar Stenli Conson ilə də eksklüziv, tarixi müsahibə apardım. Ardınca Conson ailəsinin Türkiyədə yaşayan nüfuzlu üzvləri ilə danışıqlarım və tarixi müsahibələrim oldu. Və nəhayət, Boris Conson özü də mənim yazılarımı oxudu, saytıma daxil oldu, bəyəndi və təşəkkürünü bildirdi.
Conson ailəsi vəzifə ilə öyünməyən, sadə, dürüst və gənclərə dəstək olan insanlardır. Onlar bir azərbaycanlı gənc jurnalistə inandılar. Mən də dürüstlüyüm və əzmimlə etimadlarını qazandım.
Düşünürəm ki, bu eksklüziv müsahibələr təkcə mənim jurnalist karyeram üçün deyil, Azərbaycan mətbuatı üçün də dəyərli və tarixi sənədlərdir.
Hafiz Ahmadov
hafiztimes.com

