250 min azərbaycanlı belə ələ keçiriləcəkmiş… - Qalstanyanın ŞOK PLANI üzə çıxdı:
Dünən, 09:19

Ermənistanda “Müqəddəs hərəkat”ın lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində “düşmən ölkəyə hücum və 150–250 min mülki şəxsin ələ keçirilməsi” ilə bağlı planı əks etdirən sənəd aşkar edilib. Bu barədə 2025-ci ilin iyununda dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılan din xadiminin vəkilləri məlumat veriblər. Müdafiə tərəfi isə həmin sənədin həqiqiliyinə ciddi şübhə ilə yanaşır.
TEREF xəbər verir ki, mətndə “düşmən ölkə”nin adı çəkilməsə də, hadisələrin kontekstinə görə bunun Azərbaycan olduğu ehtimal edilir.
Qeyd edək ki, Qalstanyan daha əvvəl Tavuş yeparxiyasının rəhbəri olub, 2024-cü ilin yazında kütləvi etirazlara start verib. Buna səbəb sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar çərçivəsində Qazax rayonuna aid dörd kəndin Azərbaycana qaytarılması planı olub. Hərəkat Tavuşdan başlayaraq İrəvana doğru yürüşə çevrildi. Müxalif qüvvələr Qalstanyanı baş nazir postuna vahid namizəd kimi görürdü. Lakin gözlənilən geniş kütləvi dəstək baş vermədi. Paytaxtda etirazlara 10 mindən çox insan qatılmadı və aksiyalar qısa müddətdə səngidi.
Terror və çevriliş ittihamları;
2025-ci ilin iyununda vəziyyət daha da gərginləşdi. Ermənistanın hüquq-mühafizə orqanları Qalstanyanı və tərəfdarlarını saxladı. Onlara qarşı silahla hakimiyyəti ələ keçirmə, terror aktlarının təşkili, qəsd planları kimi ittihamlar irəli sürüldü. İstintaqın məlumatına görə, “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində hər biri 25 nəfərdən ibarət 200–250 zərbə qrupu formalaşdırılırdı. Bu qruplara hərbçilər və polis əməkdaşları da cəlb olunurdu. Onların planlarına aşağıdakılar daxil idi:
inzibati binaların ələ keçirilməsi;
yanğınlar və terror aktları törədilməsi;
nəqliyyat qovşaqlarının bloklanması;
kiberhücumlarla elektrik və internetin kəsilməsi.
968399 srcİstintaq bildirir ki, 2025-ci ilin əvvəlinə qədər mindən çox şəxs cəlb olunmuş və xeyli sayda yandırıcı vasitələr hazırlanmışdı. Sübut kimi telefon danışıqları və gizli görüşlərin videoları təqdim edilib.
Hakimiyyətin və müdafiənin mövqeyi;
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, müəyyən qüvvələr regionda sülh prosesini pozmaq və ölkədə sabitliyi sarsıtmaq istəyir. Məhkəmə prosesi 2025-ci ilin avqustundan davam edir. Müdafiə tərəfi isə ittihamları rədd edir. Vəkil Ovannes Xudoyan qeyd edib ki, istintaq hələ də Qalstanyana aid olduğu iddia edilən yazılar üzrə ekspertiza aparmayıb. Digər vəkil Tatevik Soqoyan isə sənədin məzmununu “absurd” adlandırıb. Onun sözlərinə görə, ingilis dilində yazılmış sxemdə müxtəlif ölkələrin adı çəkilir. Həmçinin, “düşmən ölkəyə daxil olaraq yüz minlərlə mülki şəxsin ələ keçirilməsi” kimi qeyri-real plan təsvir olunur. Vəkil ehtimal edir ki, həmin qeydlər radikal şəxslər tərəfindən yazıla və sadəcə Qalstanyanın yanında saxlanıla bilər. //Globalinfo.az

