Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Dünən, 18:06

Vaxtilə verilmiş saxta sənədlər hazırda Gəncə şəhərində mülk sahiblərinin ciddi narazılığına səbəb olub. Narazılığın yaranmasında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə yaxın kadrların adı hallanır. Şəhər sakinlərinin bu məsələdə ittiham etdikləri şəxslərdən biri də əvvəllər Gəncənin Nizami rayonunun icra başçısı vəzifəsində çalışmış, sonradan isə Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəhbərlik etmiş Məharət Mustafayevdir.
Şikayətçilər Reyting.az-a bildiriblər ki, Gəncə şəhərinin Nizami rayonu ləğv edildikdən sonra həmin rayona məxsus möhür Məharət Mustafayevdə qaldığından bundan sui-istifadə halları baş verib.
Vətəndaşlara məxsus ərazilər başqalarına satılıb
Şəhər sakinləri iddia edirlər ki, Məharət Mustafayev və onunla əlbir olan bəzi məmurlar vətəndaşlara məxsus torpaq sahələrinə digər şəxslər üçün mülkiyyət sənədləri verərək saxtakarlığa yol veriblər. Nəticədə eyni əraziyə bir neçə iddiaçı ortaya çıxıb.
Bildirilir ki, Gəncə şəhər ərazisinə aid hektarlarla ərazi 4 sota bölünməklə, saxta sənədlərlə digər şəxslərə də satılaraq böyük məbləğdə vəsait mənimsənilib.
İddialara görə, M. Mustafayev və onunla əlaqəli şəxslər Gəncədə yüzlərlə saxta mülkiyyət sənədi hazırlayıblar:
“Onlar şəhərin ətrafında torpaq sahələri satıblar. Halbuki həmin ərazilər əvvəldən başqa şəxslərin mülkiyyətində olub. Bu saxtakarlıq həm əsl mülkiyyət sahiblərini, həm də aldadılaraq saxta sənəd alan şəxsləri çətin vəziyyətə salıb”.
Şikayətçilər bu prosesdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, şəhər təsərrüfatı şöbəsinin keçmiş rəhbəri Mikayıl Zeynalovun da adını çəkirlər.
Din xadiminin də mülkiyyətinə müdaxilə ediblər
Problemlə üzləşənlərdən biri də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovdur. Hazırda Türkiyədə müalicə olunan din xadimi problemin həlli üçün dövlət başçısına müraciət edib.
Onun sözlərinə görə, Mikayıl Zeynalovun əmisi Şakir Zeynalov əvvəlcə ona məxsus ərazini icarəyə götürərək orada fəaliyyət göstərib, sonradan isə saxta sənədlərlə həmin torpaq sahəsinin bir hissəsini ələ keçirib.
Prezidentə müraciət edilib
Hacı Tahir Abbasov bildirib ki, bəzi şəxslərə əvvəlki tarixlərlə saxta sənədlər verilib və bu sənədlər hazırda ciddi problemlər yaradır:
“Saxta sənədlərin əksəriyyətində Məharət Mustafayevin imzası var. Gəncədə yüzlərlə insana pul müqabilində belə sənədlər verilib. Təəssüf ki, bu saxtakarlığa hüquqi qiymət verilmir. Möhtərəm Prezidentdən xahiş edirəm ki, məsələni nəzarətə götürsün və vətəndaşların pozulan hüquqlarının bərpasına kömək etsin”.
Qarşıdurma təhlükəsi artır
Din xadimi qeyd edib ki, saxta sərəncamlar əsasında notariat qaydasında alqı-satqı aparılması yeni problemlərə yol açır:
“Bu sənədlər ləğv edilməlidir. Əks halda, vətəndaşlar arasında qarşıdurma qaçılmaz olacaq. Heç kim öz iddiasından geri çəkilmir və hər kəs mübahisəli ərazinin ona məxsus olduğunu bildirir. Hətta bəzilər əllərindəki saxta sənədlərlə alqı-satqı da aparırlar”.
Onun sözlərinə görə, hazırkı narazılığa səbəb olan şəxslər vaxtilə Gəncədə ciddi iğtişaşlara yol açanlar və onların tərəfdarlarıdır. Hacı Tahir Abbasov xatırladıb ki, 2018-ci ildə baş verən hadisələr zamanı şəhərin asayişini qoruyan qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov həyatını itirib.
Qeyd edək ki, sabiq icra başçısı Elmar Vəliyevin fəaliyyəti dövründə həm də yuxarıda adları çəkilən M. Mustafayev və M. Zeynalov kimi məmurların yarıtmaz fəaliyyəti nəticəsində Gəncədə silahlı insidentlər baş vermiş və bu, ciddi ictimai əks-səda doğurmuşdu. Həmin hadisələr zamanı icra baçısı güllənmiş, asayişin keşiyində duran iki yüksək rütbəli polis əməkdaşı həlak olmuşdu.
Hazırkı vəziyyət isə şəhərdə yenidən gərginlik və qarşıdurma riski yaradır.
Onu da qeyd edək ki, Gəncə sakinləri saxta yolla verilmiş sənədin nümunəsini də redaksiyamıza təqdim ediblər.

