Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?

Bu gün, 11:18           
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı -
Sosial şəbəkələrdə Azərbaycan SSR Ali Sovetinin 1991-ci ildə keçirilən iclaslarından birinə aid olduğu deyilən foto yayılıb. Müzakirələrə səbəb olan arxiv görüntüsündə dövrün tanınmış siyasi və ictimai simaları əks olunub. Fotoda Ali Sovet sədrinin müavinləri – Xalq Cəbhəsinin Ali Məclisinin sədri Tamerlan Qarayev, Kommunist Partiyasının Büro üzvü Ziyad Səmədzadə və “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru, Nizami rayonundan deputat seçilmiş Vahid Əhmədov yer alıb.

Globalinfo.az fotonun tarixçəsini öyrənmək üçün keçmiş deputat Vahid Əhmədovun fikirlərini öyrənib.

O, fotonun 1991-ci ilə aid olduğunu qeyd edib:

“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə Ali Sovetin deputatı idik. Həmin dövrdə Azərbaycan uğrunda çox mürəkkəb və taleyüklü siyasi proseslər gedirdi. SSRİ-nin saxlanılması ilə bağlı referendum, Azərbaycanın müstəqilliyi məsələsi Ali Sovetin əsas müzakirə mövzularından idi. O vaxt parlamentdə ciddi polemikalar yaşanır, yüksək səviyyəli çıxışlar edilirdi. Ali Sovetdə həm demokratik mövqedən çıxış edən deputatlar, həm də Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini düşünən şəxslər var idi. Səhv etmirəmsə, o zaman Tamerlan Qarayev AXC Ali Məclisinin sədri və Ali Sovet sədrinin müavini idi. Mən hər zaman Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərə biləcəyini müdafiə edirdim, rəhbərliklə müəyyən müzakirələr aparırdım. Çıxışlarımda da bildirirdim ki, Azərbaycan heç bir dövlətin tərkibində olmamalıdır”.

V.Əhmədov fotonun çəkilmə anı ilə bağlı bildirib ki, həmin vaxt Tamerlan Qarayev, Ziyad Səmədzadə və digər deputatlarla müxtəlif müzakirələr aparılırdı:

“Xalq Cəbhəsi ilə də münasibətlərimiz var idi. Əsas məqsəd Azərbaycanın müstəqilliyinə nail olmaq idi və bütün mübahisələrin mərkəzində də bu məsələ dayanırdı. Ali Sovetin iclasları çox gərgin keçirdi. Qərar qəbul etmək belə çətin olurdu. SSRİ-nin saxlanılması məsələsində deputatlar arasında ciddi fikir ayrılığı vardı. O vaxt 365 deputat fəaliyyət göstərirdi və onların böyük hissəsi Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini düşünürdü. SSRİ-nin saxlanılmasına qarşı səs verən cəmi 43 deputat olmuşdu. Həmin deputatlar arasında ümummilli lider Heydər Əliyev, mən və Cümşüd Nuriyev də var idi. Maraqlıdır ki, biz demokratik blokun rəsmi üzvləri olmasaq da, Azərbaycanın müstəqilliyini qətiyyətlə müdafiə edən insanlar idik”.

Vahid Əhmədov daha bir maraqlı məqama toxunub:

“O dövrdə parlamentdə “dördüncü mikrofon” mövcud idi. Ora əsasən demokratik qüvvələrin istifadə etdiyi mikrofon sayılırdı və mən də çıxışlarımı əsasən həmin tribunadan edirdim. 1991-ci ilin Ali Sovet iclasları Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi ən gərgin siyasi müzakirələrlə yadda qalıb”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru