Rusiyanın Azərbaycana təzyiqinin 10 səbəbi
Bu gün, 10:18

Rusiya şovinistlərinin Azərbaycan və digər türk xalqlarının tarixi barədə uydurduqları cəfəngiyyatlara tarixi həqiqətlər prizmasından qısa bir nəzər saldıq. Rus imperializmi iddialarının heç bir əsası olmadığını, əksinə özlərinin dövlətçilik ənənə və təcrübələrinin türklərdən öyrəndiklərini anladıq. Bu yazıda isə onların məhz indiki zamanda niyə bizə ilişdiklərinin səbəblərinə aydınlıq gətirməyə çalışacağam.
Məncə bunun bir neçə səbəbi var.
Əvvəla, Ukraynada dərin bir bataqlığa saplanmış Moskva ultra-millətçi şüar və ideyalarla rus xalqının döyüş əhval-ruhiyyəsini diri tutmağa çalışır. Bunun üçün isə süni zəif düşmən obrazları yaradıb ictimai diqqəti əsl problemlərdən yayındırmaq istəyir.
2. Xüsusilə Azərbaycanın hədəf seçilməsinin bir başqa səbəbi Şimali Qafqazla əlaqədardır. Müharibədən əvvəl də onsuz da ağır iqtisadi durumda olan Şimali Qafqaz xalqları müharibənin gətirdiyi əlavə problemlərlə üzləşdikcə bir zamanlar bir parçası olduqları Azərbaycana ümid yeri kimi baxa və tədricən rəsmi Bakının orbitinə daxil ola bilər. Belə vəziyyətdə ən yaxşı xilas yolu Azərbaycan xalqı ilə Şimali Qafqazın çoxetnikli sakinləri arasında milli zəmində narazılıqların salınması, belə görünür ki, Moskvada kimlərəsə ən asan özünümüdafiə strategiyası kimi görünür. Məhz bu səbəbdən də ölkəmizin şimalında yaşayan etnik qrupları separatizmə meyilləndirmə təbliğatı aparırlar.
3. Son zamanlar Türkiyə ilə Rusiya arasındakı münasibətlər də Moskvanın arzulamadığı istiqamətlərə yön alıb. Xüsusilə də Suriyada rus həbi varlığının silinməsindən sonra Aralıq dənizi də Moskvanın təsir dairəsindən çıxmaq üzrədir. Bu isə isti dənizlərə çıxışını itirən Rusiyanın imperial hədəflərinin tamamilə itirməsi anlamına gəlir. Görünür, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə təzyiq etməklə Moskva həm də Türkiyəyə müəyyən mesajlar vermək istəyir. Eyham vurur ki, sən mənə Aralıq və Qara dənizdə ayaq yeri verməsən, mən də sənin böyümə hədəfin olan Türk birliyinə çıxışını bağlaya bilərəm.
4. Azərbaycanla Ermənistan arasında son zamanlar geniş vüsət alan yaxınlaşma cəhdləri də Rusiyanı narahat etməyə bilməz. Çünki Ermənistan-Azərbaycan konfliktinə özünün Cənubi Qafqazla bağlı siyasətinin əsas manevr aləti kimi baxan Rusiya bu alətin də artıq əldən çıxdığını hiss edir. Bu da nəticə etibarilə Rusiyanın əsas geopolitik hədəflərindən birini də sıradan çıxarır. Cənubi Qafqazın əldən çıxması Fars körfəzinə və Hind okeanına çıxışın da qarşısını kəsir.
5. Rusiyanın Azərbaycana təzyiq göstərməsinin əsas səbəblərindən biri də digər post-sovet ölkələrinə göz dağı verməkdir. Məlum olduğu kimi, Qarabağ məsələsinin həllindən sonra Azərbaycan Rusiyadan asılılıqdan tam azad oldu və hazırda müstəqil xarici siyasət yürütməyə çalışır. Bu isə digər post-sovet ölkələri üçün də bir nümunə təşkil edir. Xüsusilə Ermənistan ictimaiyyəti Azərbaycanın daha müstəqil siyasətlərinə Rusiyanın səssiz qalmasını görüb özünün kiçik addımlarına Moskvadan sərt reaksiyasını anlaya bilmir, açıq şəkildə Kremli Türk Birliyindən çəkinməkdə ittiham edir. Moskva da müttəfiqlərindən ona yönələn bu qınaqları alt-üst etmək üçün Azərbaycana əba altından zopa göstərməyə çalışır.
6. Azərbaycanın Ukrayna ilə yaxın münasibətləri də Moskva üçün arzuolunmaz səviyyədədir. Xarici İşlər naziri Ceyhun Bayramovun bu yaxınlarda Ukraynaya səfəri və səfər çərçivəsində özəlliklə də rus faşizminin daş üstündə daş qoymadığı İrpeni ziyarət etməsi Moskvanı qıcıqlandıran əsas səbəblərdəndir. Rəsmi Bakının Ukrayna ilə bağladığı hərbi-strateji müqavilələr Kremldə xüsusi əndişə ilə qarşılanır.
7. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin neft və qaz məhsulları ilə yanaşı nadir torpaq elementlərinin Avropaya daşınmasında körpüyə çevrilmə ehtimalı da Rusiyanın maraqlarına uyğun deyil. Bir zamanlar Avropa İttifaqının qaz təchizatının 45%-ni öz öhdəsinə götürən Rusiya Ukrayna savaşından sonra bu nəhəng bazarı itirib. Rusiyanın yerini Türkmənistan doldura bilər və rəsmi Bakı da bu istiqamətdə əlindən gələni etməyə çalışır. Çünki tranzit ölkəyə çevrilmək Azərbaycana da maddi və geopolitik dividentlər qazandıracaq.
8. “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizinin keçdiyi ölkəmiz bu sahədə də Moskvadan başlıca rəqib kimi görünür. Çünki Rusiya coğrafiyasından “Bir Yol, Bir Kəmər” layihəsinin şimal marşrutunun keçə bilər, amma bu marşrutla faktiki olaraq heç kim maraqlanmır. İlham Əliyevin 2024-cü ildə Moskvaya səfəri zamanı Putin açıq şəkildə BAM marşrutunun işə salınması üçün ondan kömək istəmiş, Azərbaycan prezidenti isə onun bu istəyinə faktiki cavab verməmişdi. Əslində İlham Əliyev haqsız da deyildi. Çünki BAM marşrutunun Orta dəhlizlə birləşdirilməsi rentabelli olmadığından heç bir real önəm də daşımır.
9. Azərbaycan və Qazaxıstanın müharibə ilə təhdid olunması təkcə Türkiyə və Qərb ölkələrini deyil, Çini də narahat etməyə bilməz. Faktiki olaraq, İran-ABŞ müharibəsi ilə “Bir Yol, Bir Kəmər” layihəsinin cənub marşrutu, Ukrayna-Rusiya müharibəsi ilə isə şimal marşrutu təhlükə altına düşdüyündən Çinin qarşısında hələlik yeganə sağlam yol qalır – Orta dəhliz. Oranın da Rusiya və İran tərəfindən təhdid olunması Çinin proseslərə müdaxilə etməsinə gətirib çıxara bilər. Görünür, başı Ukraynada sıxışan Rusiya ekskalasiyanı genişləndirmək və Qərblə Şərq arasında bağlantını ortadan qaldırmaq təhdidi ilə prosesləri öz lehinə döndərmək arzusundadır. Amma buna gücü çatacaqmı, bəlli deyil.
10. Xəzər bağlantısı Hindistan üçün də olduqca böyük əhəmiyyət daşıyır. Rusiya bu regionda konflikt yaratmaqla Yeni Dehlini də sanki proseslərə cəlb etmək istəyir.
Zənnimcə, yuxarıda sıraladığım 10 amil Rusiyanın Azərbaycana təzyiqlərinin əsas səbəbidir.
Heydər Oğuz

