Ziyalı qorxanda cəmiyyət diz çökür

2-06-2026, 17:07           
Ziyalı qorxanda cəmiyyət diz çökür
Bir professor dərsdə tələbələrə sual verir:
“Qanun nədir? Nə üçündür?”
Cavab verirlər:
qayda üçün
nizam üçün
cəmiyyət üçün
Sonda bir tələbə deyir:
“Ədaləti qorumaq üçün.”
Professor birdən dayanır.
Heç bir səbəb olmadan bir tələbəni göstərir:
“Çıx bayıra.”
Sinifdən qovulan tələbə təəccüblə zaldan çıxır.
Sinif susur.
Heç kim etiraz etmir.
Professor yenə sinfə baxır və deyir:
“Bir az əvvəl sizin yoldaşınızın haqqını pozdum. Amma siz susdunuz.”
Çünki düşündünüz:
bu mənə aid deyil
problem mənim deyil
susmaq daha rahatdır
Sonra professor deyir:
“Bu gün tələbə yoldaşınızın haqqı tapdalandı, siz susdunuz. Sabah sizin haqqınız tapdalananda başqaları da susacaq.”
Bu, sadəcə dərs deyil.
Bu, cəmiyyətin modelidir.
Azərbaycanın ən böyük problemi iqtisadiyyat deyil.
Siyasət də deyil.
Ən böyük problem — ziyalının susmasıdır.
Bir vaxtlar bu ölkədə ziyalı var idi.
yazıçı danışırdı
şair danışırdı
alim danışırdı
Ziyalı xalqın önündə gedirdi.
Milli Azadlıq Hərəkatında ziyalılar vardı. Sonrakı illərdə də onlar mitinqlərdə can qoydular. Haqqı dedilər, xalqın mənafeyindən çıxış etdilər. Fuad Poladov, Flora Kərimova, Cavanşir Quliyev, Azər Zeynalov, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Musa Yaqub, Rüstəm Behrudi və digər böyük şəxsiyyətlərimiz…
İndi nə var?
Sükut.
Bu gün ölkədə şəhid ailələri problemlə üz-üzədir.
Qazilər dərman tapa bilmir.
Sosial ədalətsizlik tüğyan edir.
Amma ziyalı susur.
Bu sükutun ən böyük simvollarından biri paradoksal olaraq elə şeirin özüdür:
“Səni sevmək çətindir, Vətən,
Nə gündəsən ki,
Təpədən dırnağacan
günah içindəsən ki...”
Ramiz Rövşən bir vaxt belə yazmışdı.
Vətənin ağrısını bu qədər dərindən hiss edən şair
bu gün həmin ağrı qarşısında susur. Sanki kimsə şairə elə bir ağrı kəsici verib ki, daha Azərbaycanın dərd-səri Ramiz Rövşənlik deyil...
Özü də bu, təkcə bir şairin susması deyil.
Bu, bir epoxanın susmasıdır.
Eyni vəziyyət Anar müəllim üçün də keçərlidir.
İllərlə cəmiyyətə təsir edən, söz deyən adamlar
bu gün sözün ən çox lazım olduğu vaxtda ortadan buxarlanıb.
Sanki qeybə çəkiliblər.
Gənclər baxır və görür:
susanlar rahat yaşayır
sistemə toxunmayanlar komfortdadır
etiraz edənlər isə cəzalandırılır
Və nəticə:
cəmiyyət susmağa öyrədilir.
Amma tarix belə yazılmayıb.
Lech Wałęsa susmadı.
Václav Havel susmadı.
Aleksandr Soljenitsın susmadı.
Onlar başa düşürdü ki, ədalətsizlik qarşısında sükut məğlubiyyətdir. Onlar isə xalqın qələbəsi üçn vuruşdu...
Bu gün isə Azərbaycanda ziyalı susur, xalq tək qalır.
Ziyalı susanda ədalətsizlik danışmağa başlayır.
Ziyalı qorxanda cəmiyyət diz çökür.
Əminəm ki, Azərbaycanın bu vəziyyətdən çıxması üçün
qeyrətli ziyalıya, cəsarətli vətəndaşa ehtiyac var...
Elbəyi Həsənli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru