Demoqrafik mənzərə
6-06-2026, 12:36

Demoqrafik fəlakətə doğru gedirik, gələcək mənzərəni bu gün sizə göstərmək istəyirəm – lütfən, bu mövzunu əsas müzakirə obyektinə çevirək, çünki, sabah çox gec ola bilər.
Azərbaycanda doğuşla, təbii artımla bağlı son 5 ilin statistikasına baxanda insan 20-30 il sonrakı mənzərəsini görə bilər və o mənzərə çox qaranlıq görünür. Dövlət adlanan institut həm də məhz 10-20-30 illik proeksiyaları qurmaq üçündür.
Son 5 ildə Azərbaycanda doğuş statistikası:
• 2020: 126 571
• 2021: 112 284
• 2022: 122 846
• 2023: 112 620
• 2024: 102 310
• 2025: 95 875
Digər statistikaya baxaq:
- 2020-ci ildə doğulan uşaqların 67 589 oğlan, 58 982 qız olub,
- 2021-ci ildə 60 300 oğlan, 51 984 qız,
- 2022-ci ildə 64 940 oğlan, 57 906 qız,
- 2023-cü ildə 59 814 oğlan 52 806 qız,
- 2024-cü ildə 54 221 oğlan, 48 089 qız,
- 2025-ci ildə 50 910 oğlan, 44 965 qız övladı dünyaya gəlib.
Son 5 ildə doğulanlar arasında hər 100 qız uşağına, ortalama, 114 oğlan uşağı düşür.
Azərbaycan selektiv abortların sayına görə dünyada öndə olan ölkələrdən biridir – bu da ciddi problemdir.
Azərbaycanda 15-20 ilə ciddi təqaüd böhranı olacağı dəqiqdir, çünki, əhali sürətlə qocalır, altdan gənc dalğa zəifləyir, təqaüdə çıxanların sayı artacaq, işçi sayı isə azalacaq – bu da ciddi məsələdir.
Amma, gələk ən təhlükəli məsələyə, hansı ki, bizi demoqrafik böhrana sürükləyəcək, quyunun dibinə salacaq – son 5-6 ilin rəsmi statistikasından da görünür ki, qız uşaqlarının sayı kəskin azalır.
Gəlin 15-20-25 illik proeksiya quraq:
Məsələn, 2024-2025-ci illərdə cəmi 93054 qız övladı dünyaya gəlib. Onların reproduktiv dövrü, hardasa, 20-25 ildən sonra olacaq. İnşaAllah ki, hamısı sağ-salamat və sağlam həmin dövrə qədəm qoyacaqlar, amma, nəzərə alın ki, onların ən azı 10-15%-i xaricə oğumağa-işləməyə köçəcək, bir qismi xarici vətəndaşlarla evlənəcəklər, bir qismi evlənmək istəməyəcəklər.
Deməli, 2024-25-ci illərdə dünyaya gəlmiş qız övladlarımızın reproduktiv, Azərbaycanda demoqrafik vəziyyətə təsir edən dövrə, hardasa, 70-75 min nəfər qız uşağı olacaq – ölkədə doğuş koffisenti, hətta, 2 olsa belə, bu 140-150 min uşaq, ilə 70-75 min uşaq edir, reallığı, real rəqəmləri götürsək isə bu rəqəm ilə 40-45 minə qədər azalacaq. Deməli, artıq indidən demək mümkündür ki, 20-25 ildən sonra ölkədə doğuş sayı kəskin azalacaq, doğulan uşaq sayı ilə 50 min civarına düşəcək – bu çox pis, Dövlətimiz üçün təhdid olacaq bir ssenaridir. Doğulan qız uşaqlarının sayının kəskin azalması demoqrafiya üçün ən böyük çağırışdır.
Hə, deyəcəksiniz ki, bəs problemin həlli yolları hansılardır – haqlısız, bu haqda çox danışmışıq, amma, gələn həftə geniş yazacam, sadəcə, bu yazının məqsədi odur ki, ciddi bir problem olduğunu qəbul edək.
“Sağalmanın” yolu ilk öncə “xəstəliyin” qəbul edilməsindən keçir...
Natig Jafarli
TEREF

