Paşinyan DÖYÜŞƏ TƏK GEDİR...
Bu gün, 00:01

Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi ölkədə ictimai-siyasi vəziyyət gərgin və rəqabətli olaraq qalır. Seçki kampaniyası fonunda hakimiyyət və müxalifət arasında qarşıdurma dərinləşərkən, proseslərin regionun gələcək siyasi mənzərəsinə təsiri də diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Rizvan Nəbiyev bildirib ki, əsas siyasi mübarizə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası ilə revanşist və radikal mövqedən çıxış edən müxalif düşərgə arasında gedir.
Onun sözlərinə görə, müxalif cəbhədə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, iri biznes-siyasi dairələri təmsil edən Qaqik Sarukyan, eləcə də Rusiyadakı erməni biznes çevrələri ilə əlaqələri olan Samvel Karapetyan kimi fiqurların təsiri hiss olunur:
“Bu siyasi və maliyyə çevrələri əsasən hökuməti təhlükəsizlik siyasətində uğursuzluqda ittiham edir və daha sərt, emosional ritorikaya üstünlük verirlər”.
Rizvan Nəbiyev qeyd edib ki, Ermənistanda revanşist yanaşmanı dəstəkləyən ultra-millətçi dairələr qalmaqda davam etsə də, cəmiyyətdə praqmatik yanaşmaların da gücləndiyi müşahidə olunur:
“İqtisadi problemlər, regional təcrid və kommunikasiyaların bağlı qalması fonunda sülhün və iqtisadi əməkdaşlığın vacibliyini qəbul edən yanaşmalar artır”.
Siyasi şərhçi hesab edir ki, bu proseslərdə Erməni Apostol Kilsəsi və ona yaxın çevrələrin rolu da xüsusi diqqət çəkir:
“Kilsə Ermənistan daxilində milli identiklik və siyasi mobilizasiya baxımından ənənəvi təsir institutlarından biridir. Son dövrlərdə bəzi dini və millətçi dairələrin hökumətin sülh gündəliyinə daha tənqidi münasibət sərgilədiyi görünür. Hökumət isə müxtəlif vasitələrlə bu təsiri zəiflətməyə çalışır”.
Onun fikrincə, hazırkı mərhələdə inzibati resurslar, parlament çoxluğu və idarəetmə imkanları baxımından hakim Vətəndaş Müqaviləsi Partiyası müəyyən üstünlüyə malikdir:
“Bununla yanaşı, müxalifətin milli təhlükəsizlik və emosional faktorlar üzərindən qurduğu kampaniya müəyyən təsir imkanlarını qoruyub saxlayır”.
Deputat vurğulayıb ki, seçkilərin nəticələri təkcə Ermənistanın daxili siyasəti üçün deyil, regionun gələcək təhlükəsizlik arxitekturası üçün də əhəmiyyətlidir:
“Azərbaycan baxımından əsas gözlənti sülh gündəliyini, sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını və münasibətlərin normallaşmasını dəstəkləyən siyasi yanaşmanın güclənməsidir. Əgər Ermənistanda praqmatik və konstruktiv xətt üstünlük qazanarsa, bu, sülh danışıqlarının irəliləməsinə və regionda daha dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına müsbət təsir göstərə bilər”.
R. Nizvan sonda qeyd edib ki, Ermənistanda seçkiyə qoşulan müxtəlif siyasi qüvvələr bir-birini Azərbaycan qarşısında təslimçilikdə, Bakının şərtlərini qəbul etməkdə və zəiflik nümayiş etdirməkdə ittiham edirlər. Bu isə göstərir ki, Ermənistanın bugünkü siyasi gündəliyini Azərbaycanın formalaşdırdığı siyasi kurs və Azərbaycan Prezidenti Ilham Əliyev tərəfindən müəyyən edilən sülh gündəliyi istiqamətləndirir.

