Avropa Cənubi Qafqazda sülhü təmin edə bilərmi?

Dünən, 16:30           
Avropa Cənubi Qafqazda sülhü təmin edə bilərmi?
“The National Interest” jurnalında Taras Kuzio tərəfindən dərc olunan “Can Europe Help Secure Armenia-Azerbaijan Peace?” (“Avropa Ermənistan–Azərbaycan sülhünü təmin edə bilərmi?”) məqaləsi Cənubi Qafqazda yeni geosiyasi mərhələyə diqqət çəkir.
Məqalənin əsas ideyası sadədir: Avropa İttifaqı regionda real maraqlara malik olsa da, indiyə qədər bu maraqları nə qorumağa, nə də yönləndirməyə qadir olub. Nəticədə Brüssel etibarlı vasitəçi kimi qəbul edilmir.
Cənubi Qafqaz bu gün Avropa ilə Asiyanı birləşdirən ən mühüm quru dəhlizlərindən birinə çevrilir. Rusiya və İranı kənardan keçən bu marşrut həm enerji, həm ticarət, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Ermənistan isə uzun illər Azərbaycanla münaqişə səbəbindən bu imkanlardan kənarda qalıb. Sülh isə ona bu sistemə qoşulmaq şansı verir.
Müəllifə görə, son seçkilər Ermənistan üçün təkcə hakimiyyət dəyişikliyi deyil, geosiyasi seçim idi. Nikol Paşinyanın kursu sülh və Qərbə inteqrasiya üzərində qurulub. Bu kurs isə avtomatik olaraq Rusiyanın regiondakı təsirini zəiflədir.
Məqalədə vurğulanır ki, sülhün qarşısındakı əsas maneə Ermənistan Konstitusiyasında qalmaqda olan ərazi iddialarıdır. Bu dəyişmədikcə əldə olunan razılaşmaların davamlılığı sual altında qalır. Ona görə də Avropa İttifaqı Ermənistanın Avropa ilə inteqrasiyasını məhz bu konstitusiya dəyişiklikləri ilə şərtləndirməlidir.
Burada maraqlı məqam ondan ibarətdir ki, sülh prosesində əsas diplomatik işi ABŞ görsə də, bu prosesi hüquqi və siyasi baxımdan möhkəmləndirmək üçün real təsir aləti məhz Avropanın əlindədir. Lakin Brüssel indiyə qədər bu rolu oynamaqdan çəkinib və çox vaxt tərəflərdən birinə yaxın görünərək vasitəçi kimi etimadını itirib.
Məqalənin yekun mesajı açıqdır: Avropa üçün nadir bir imkan yaranıb. Əgər Brüssel bu dəfə də passiv qalarsa, regionda oyunu yenə başqaları quracaq. Əgər aktiv mövqe tutarsa, Cənubi Qafqazda uzunmüddətli sülhün formalaşmasında həlledici rol oynaya bilər…
Elbeyi Hesenli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru