İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alır

Bu gün, 12:48           
İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alır
SEPAH-a bağlı informasiya kanalları səhərin gözü açılmamış böyük fəxarətlə uğur hekayələri paylaşıblar. Qurumun Telegram kanalında yayımlanan paylaşımların birincisində bildirilir:
“Bəhreyndə artıq həyəcan siqnalları çalınır”

Üzərindən 1 dəqiqə keçməmiş ikinci muştuluq gəlib:
“Təcili | Bəhreyndə bir neçə yeni partlayış”.
Bəs bilirsinizmi, SEPAH-ın vurulmasını böyük uğur kimi təqdim etdiyi Bəhreyn nə boyda ölkədir?
Vikipediya bu suala belə cavab verir: “Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 760 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir”.
Daha aydın təsəvvürünüz yaransın deyə, qeyd etmək istərdim ki, Naxçıvan MR-ın orta böyüklükdə rayonlarından sayılan Babək rayonunun ərazisi – 828.42 km²-dır. Yəni ərəblərin Bəhreyni bizim Babəkdən hardasa 70 kvadrat km balacadır. Azərbaycanın ən kiçik rayonları qədər ərazisi olan bu ölkədə cəmi 1.67 milyon insan yaşayır. Onların, yəqin ki, böyük əksəriyyəti isə əcnəbidir. Qısası, Xameneinin qisasını almağa söz verən SEPAH tam gözünün qabağındakı ABŞ gəmilərini yox, müharibənin əsas günahları saydığı İsraili də yox, məhz 3 balaca ada üzərində qurulmuş dövləti (əslində ona nə qədər dövlət demək olar, bunu da bilmirəm, bu məntiqlə, sadəcə 3 balaca adanı) vurur. Və ən pisi də odur ki, bunu böyük qəhrəmanlıq kimi İran xalqına təqdim edir.
Bəs bilirsinizmi ki, özünü şiə müsəlmanlarının hamisi kimi təqdim edən İranın “böyük qəhrəmanlıqla” vurduğu Bəhreynin etnik və dini yapısı necədir? Gəlin, bu suala cavab tapmaq üçün yenə statistik məlumatlara nəzər salaq.
Statistik məlumatlara görə, Bəhreyn əhalisinin təxminən 50-53%-i ərəb, 45%-i asiyalı (hindli, pakistanlı, filippinli), qalanları isə afrikalı və avropalı immiqrantlardır. Əhalinin əksəriyyəti müsəlmandır; təxminən üçdə ikisi şiə, üçdə biri isə sünnidir. Həmçinin xristian və hindu azlıqları da var.
Uzun sözün kəsəsi, İran mərhum dini liderinin qisasını əhalisinin hardasa 70% şiələrdən təşəkkül tapan 3 balaca adadan alır.
Deyə bilərsiniz ki, Bəhreyn niyə öz torpaqlarında ABŞ əsgərlərinə yer verir ki, İran da onu vursun?
Haqlı sualdır. Amma nəzərə alın ki, Babək rayonundan 70 kvadrat km balaca olan Bəhreyn ABŞ əsgərlərini Trampın dədəsinin ruhu hörmətinə öz ərazilərində yerləşdirməyib. Ölkə İngilis müstəmləkəsindən qurtulduğu 1971-ci ildən indiyədək başı üzərində Demokl qılıncı kimi Tehran təhlükəsi hiss edib. Bu qorxu istər-istəməz onu ABŞ-a, Böyük Britaniyaya sığınmaq məcburiyyətində buraxıb. Üstəlik, əhalisinin yarısından çoxu əcnəbilərdən ibarət olan Bəhreyn istəsə belə, ingilislərin himayəsindən qopub müstəqil addım ata bilməz. Başqa sözlə desək, Bəhreyn bir tərəfdən İranın basqıları, digər tərəfdən isə anqlo-saks hədələri ilə onun üçün təyin olunmuş cizgidə hərəkət etməyə məhkumdur. İranın özünün də iştirak etdiyi bu təhkimçilik rejiminə boyun əyən ölkədən ABŞ-ın qisasını almağa çalışması anlaşılan deyil. Əksinə, İranın bu bəsirətsiz siyasəti Bəhreyni ABŞ-ın ətəklərindən daha sıx tutunmasına kömək edir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru