Yaxşı idarəetmədə əsas meyar peşəkarlıq olmalıdır, yaltaqlıq yox.!
Bu gün, 00:00

Ekspertimiz yazdı.Maraqlıdır!
Vəzifənin Bitdiyi Yerdə Həqiqət Başlayır,
Like İmperiyasının Süqutu?!
Ruslan Əliyevin "Azəriqaz" İB-nə rəhbərlik etdiyi dövrdə sosial şəbəkələr, sanki idarəetmənin ayrılmaz hissəsinə çevrilmişdi. Rəhbərin paylaşdığı hər status müəssisə daxilində adi paylaşım yox, demək olar ki, kampaniya kimi qarşılanırdı. Regionlar arasında görünməz yarış başlayırdı: kim daha çox "like" edəcək, kim daha tez şərh yazacaq, kim paylaşımı daha geniş yayacaq. Elə bil qaz təsərrüfatının əsas göstəricisi, "bəyənmə" sayı idi.
Aradan illər keçdi. 2026-cı ildə Ruslan Əliyevin paylaşdığı bir statusun altında cəmi 10-20 bəyənmə görünür. Onların da əksəriyyəti "Azəriqaz"da çalışan fəhlə kateqoriyalı əməkdaşlardır.
Adam istər-istəməz düşünür: bəyənmələr hara yox oldu? Yoxsa dünən alqışlayanlar bu gün başqa səhnədə əl çalırlar?
Ruslan Əliyev 1 noyabr 2019-cu ildən 11 mart 2024-cü ilədək "Azəriqaz" İB-nin baş direktoru vəzifəsində çalışıb. Onun fəaliyyətinin diqqət çəkən cəhətlərindən biri sosial şəbəkələr vasitəsilə vətəndaşlarla birbaşa ünsiyyət qurması idi. Etiraf etmək lazımdır ki, daxil olan müraciətlərin əhəmiyyətli hissəsi operativ şəkildə həllini tapırdı və bu, rəhbərliyinin müsbət tərəflərindən biri kimi qiymətləndirilə bilər.
Ancaq idarəetmənin başqa bir üzü də var idi. Müəssisə daxilində səsləndirilən fikirlərə görə, həmin dövrdə qaz təsərrüfatını yaxşı bilən bir sıra təcrübəli əməkdaşlar müxtəlif səbəblərlə sistemdən uzaqlaşdırıldı, onların yerinə isə peşəkarlıqdan çox şəxsi yaxınlığı və yaltaqlığı ilə seçilən şəxslər irəli çəkildi. Bu barədə müxtəlif baxışlar mövcuddur, lakin kollektiv daxilində bu mövzu uzun müddət müzakirə olunub.
Ən maraqlısı isə odur ki, yaltaqlığın ömrü vəzifənin ömründən də qısa olur. Dünən "ən dəyərli rəhbər" deyənlərin bu gün nə səsi gəlir, nə də izi görünür. Çünki onların sevdiyi insan yox, kreslo idi. Kreslo dəyişəndə sədaqətin də ünvanı dəyişdi.
Bəzən rəhbərlər elə düşünürlər ki, ətrafındakı gurultulu alqışlar xalq sevgisidir. Əslində isə bu, kabinet akustikasının yaratdığı əks-sədadır. Qapı bağlanan kimi səs də kəsilir.
Rəhbər üçün ən təhlükəli adam tənqid edən deyil.
Ən təhlükəli adam hər gün "çox gözəl", "əla qərardır", "sizdən yaxşısı yoxdur" deyən adamdır. Çünki o, rəhbəri reallıqdan uzaqlaşdırır və bir gün gerçəklə üz-üzə qalanda artıq çox gec olur.
Sosial şəbəkələr də maraqlı güzgüdür. Bir vaxtlar minlərlə baxış və bəyənmə toplayan paylaşımın illər sonra cəmi bir neçə onlarla reaksiyayla kifayətlənməsi bəzən qalın hesabatlardan daha çox həqiqəti danışır. Çünki alqışın səmimiyyəti kreslonun yox, zamanın sınağından keçir.
Deməli, vəzifə insanın ətrafını böyüdə bilər, amma nüfuzunu yox. Nüfuzu yalnız zaman qoruyur.
Bəs bütün bunların məsuliyyəti kimdədir?
Bu sualın cavabı yenə də Ruslan Əliyevin rəhbərlik etdiyi dövrə gedib çıxır. Çünki hər bir rəhbər gətirdiyi komanda ilə qiymətləndirilir. Əgər peşəkar, təcrübəli və qaz təsərrüfatını yaxşı bilən mütəxəssislər işdən uzaqlaşdırılıb, onların yerinə bu sahədən xəbəri olmayan, yalnız rəhbərə xoş görünməyi bacaran insanlar vəzifəyə gətirilibsə, bunun məsuliyyətini başqasında axtarmaq düzgün olmaz.
Ən acınacaqlısı isə odur ki, həmin dövrdə vəzifəyə gətirilən bəzi şəxslər bu gün də özlərini işlə yox, intriqa ilə məşğul olmaqda göstərirlər. Təcrübəli işçiləri irəli çəkmək əvəzinə, onları gözdən salmağa çalışır, haqqında söz-söhbət yayır, şər və böhtan kampaniyaları aparırlar. Nəticədə peşəkar kadrlar kənarda qalır, savadsızlıq isə vəzifə qazanır.
Qaz təsərrüfatı yaltaqlıqla idarə olunmur. Bu sahədə bilik, təcrübə və məsuliyyət əsasdır. Peşəkarlar sıxışdırılıb, yerinə təsadüfi adamlar gətiriləndə bunun nəticəsi gec-tez ortaya çıxır.
Bu gün də "Azəriqaz" İB-də qəbul olunan təbii qazla abonentlərə satılan qaz arasında yüksək fərqin qalması barədə suallar səslənir. Əgər bu fərq həqiqətən də 25–30 faiz civarındadırsa, deməli, illərdir danışılan problemlər hələ də tam həllini tapmayıb. Bu isə bir daha göstərir ki, idarəetmədə əsas meyar peşəkarlıq olmalıdır, yaltaqlıq yox.
Mirvari Gahramanli

