Azərbaycan Xruşşovun qarğıdalı siyasətinə qarşı

Bu gün, 00:04           
Azərbaycan Xruşşovun qarğıdalı siyasətinə qarşı
İosif Şikin: Qarğıdalı Azərbaycanda gözdən salınır
İmam Mustafayevin müqavimətini qırmaq üçün iyulun 1-də Sov.İKP MK Rəyasət Heyətinin iclasında Azərbaycan partiya təşkilatının yoxlanmasının nəticələri barədə İosif Şikinin məlumatı müzakirəyə çıxarıldı. Nikita Xruşşovun sədrlik etdiyi toplantıda Rəyasət Heyətinin üzvləri və üzvlüyə namizədlərdən Kliment Voroşilov, Nikolay İqnatev, Yan Kalnberzin, Andrey Kirilenko, Aleksey Kiriçenko, Demyan Korotçenko, Aleksey Kosıgin, Otto Kuusinen, Kirill Mazurov, Vasili Mjavanadze, Anastas Mikoyan, Nuriddin Mühitdinov, Mixail Pervuxin, Dmitri Polyanski, Pyotr Pospelov, Yekaterina Furtseva və Azərbaycan KP MK bürosunun üzvləri iştirak edirdilər.
İclasın başlanğıcında aparılan fikir mübadiləsində Nikita Xruşşov Latviyadakı vəziyyətdən ciddi narahatlığını ifadə etdi və dedi: “Son iki-üç ildə Latviyaya 32 min latış qayıdıb (mühacirətdən qayıdanlar). Latış sosial demokratlarının beynəlxalq cəhətdən tanınmış lideri və bu yaxınlarda çıxış edərək milli məsələdə yol verilmiş səhv mövqeyi tərifləyən Menqels də (Menders olmalıdır) onların arasındadır. O, ayrı cür deyə də bilməz, indi hakimiyyətdə onun adamları var və onun siyasətini yeridirlər. Ancaq təəssüf ki, tək Latviyada belə deyil. Litvada rayonlar var ki, ancaq polyaklar yaşayır, lakin rəhbərlikdə yalnız litva¬lılardır.
Rusları heç yerə irəli çəkmirlər, ancaq milisioner işlədirlər ki, ki¬misə tutanda desinlər, görürsünüz ruslar tutur. Estoniyada da vəziyyət latışlarda olduğundan yaxşı deyil. Ona görə tənqidi yanaşmaq lazımdır. Burada heç bir faciə yoxdur, hər şey yoluna qoyulacaq, hər şey öz yerini tutacaq, lakin düzünü demək lazımdır və adamları bunlara qarşı mübarizəyə qaldırmaq lazımdır. Təklif var ki, Azərbaycan partiya təşkilatının yoxlanması ilə bağlı yoldaş Şikini dinləyək, sonra isə fikir mübadiləsinə keçək.
İosif Şikin sözə başlamaq istəyirdi ki, Nikita Xruşşov əvvəlki fikrini davam etdirərək dedi: “Soruşula bilər ki, niyə kommunistlər yerlərdə yoxlanılmırlar. Adamlarda belə bir fikir formalaşır ki, əgər rəhbərlik bu xətti yeridərsə, görünür, bu, yuxarılarda təqdir edilir. Əsla belə deyil, yoldaşlar, ona görə ki, orada, aşağılarda partiya üzvləri belə hesab edirlər: əgər Kalnberzini (Latviya KP MK-nın birinci katibi) MK Rəyasət Heyətinin üzvlüyünə namizəd seçiblərsə, o, orada iclaslara qatılırsa, onda görünür bu partiyanın apardığı siyasətdən irəli gəlir, bu, Sov.İKP MK-nın xəttidir.
Ona görə də əgər biz desək ki, bunlar bizim yox, Ulmanisin adamlarıdır (Karl Ulmanis 1936–1940-cı illərdə Latviyanın baş naziri və prezidenti olub), onda onlar işin öhdəsindən gəlməsələr, onları islah edərlər. Bu Latviyada da, Estoniyada da, Litvada da, Bakıda da, istənilən respublikada və Ukraynada da belə olmalıdır. Əgər ucadan deyilsə ki, rəhbərlik işi düz görmür, onda partiya daha ləyaqətli adamları rəhbərlik üçün irəli sürməyə özündə güc tapar”.
Nikita Xruşşovun bu sözləri müzakirə edilən məsələ ilə bağlı bir növ siqnal rolunu oynadı və məruzə etməyə hazırlaşan İosif Şikini daha da cəsarətlən¬dirdi. O, ilk olaraq qeyd etdi ki, Sov.İKP MK-nın iyun plenumunda Azərbaycan Kommunist Partiyasında işlərin vəziyyətinə, respublika partiya rəhbərliyinə Nikita Xruşşov tərəfindən verilən qiymət tamamilə doğrudur. Bizim yerlərdəki araşdırmalarımız və respublikada aparılan yoxlamaların nəticələri də bunu təsdiq edir. Yerlərdə işlərin vəziyyətinin araşdırılması göstərdi ki, Azərbaycan Kommunist Partiyası xüsusilə son illər iqtisadiyyatın və mədəniyyətin inkişafında, xalq təsərrüfatının bütün sahələri üçün milli kadrların hazırlanmasında, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında, respublikanın zəhmətkeş kütlələrinin yaradıcı təşəb-büsünün, siyasi əmək fəallığının inkişafında əhəmiyyətli dərəcədə böyük nailiyyətlər əldə edib.
Partiyanın XXI qurultayının, MK plenumları¬nın qərarlarını yerinə yetirmək üçün Azərbaycan xalqı indi böyük ruh yüksəkliyi ilə təsərrüfat və mədəni quruculuğun bütün sahələrində çalışır. Bütün bunlar tamamilə danılmaz şeylərdir və heç kəs bunları inkar etmək fikrində deyil. Bununla belə, məlumat verməyi zəruri hesab edirik ki, hər şeydən əvvəl kənd təsərrüfatında inkişafın böyük imkanları və ehtiyatları olmasına, habelə dövlət tərəfindən daimi yardım göstərilməsinə baxmayaraq respublikanın partiya və sovet orqanları partiyanın kənd təsərrüfatını qaldırmaqda kəskin dönüş olan MK sentyabr plenumunun və sonrakı plenumlarının qərarlarının yerinə yetirilməsini təmin etməyiblər.
Halbuki, 1958-ci ilin noyabr ayının 14-də sentyabr (1953-cü il) plenumunun qərarlarının yerinə yetirilməsi ilə bağlı Sov.İKP MK-nın Zaqafqaziya respublikaları üzrə bölmə müdiri İvan İqnatyevin hazırladığı 20 səhifəlik arayışda üç Zaqafqaziya respublikalarından ən yaxşı vəziyyətdə Azərbaycan SSR-in olduğu göstərilirdi. Məsələn, 1953-1958-ci illərdə süd istehsalı Gürcüstanda 21,8 faiz, Ermənistanda 42,7 faiz artdığı halda, Azərbaycan SSR-də 62,7 faiz artmışdı.
İosif Şikin əvvəlcə pambıqçılıq və maldarlığın bərbad vəziyyətdə olduğundan söhbət açaraq 1954-cü illə müqayisədə pambıq istehsalının 420 min tondan 270 min tona, hər hektarın məhsuldarlığın 21 sentnerdən 13 sentnerə endiyini, pambığın maya dəyərinin hər sentner üçün 150 manatdan 220 manata, bir sıra rayonlarda hətta 300 manata yüksəldiyini bildirdi. O, dedi ki, respublika partiya rəhbərliyinin yaxın 2–3 ildə pambıq istehsalını 600 min tona çatdırmaq haqqında vədləri və təminatları xoş niyyət olaraq qalmışdır.
1958-ci il keçdi, pambıq istehsalı isə 270 min ton səviyyəsində qaldı. O, üzünü Xruşşova tutaraq dedi: – Nikita Sergeyevic, belə vədlər Mustafayev tərəfindən 1954-cü ildə Daşkənddə (pambıqçıların ümumittifaq Daşkənd müşavirəsi) verilmişdir. Respublika rəhbərliyinin pambıq istehsalı ilə bağlı iflasını hər cür obyektiv səbəblərlə, ən əvvəl pis hava şəraiti və “108-f” pambıq növünün pis olması ilə izah etmək cəhdlərinin yetərincə əsası yoxdur.
Bu yerdə Nikita Xruşşov İosif Şikini saxlayıb üzünü İmam Mustafayevə tutdu və soruşdu: “Yoldaş Mustafayev, Daşkənddə iki qadın çıxış edərək hər hektardan 80 sentner pambıq almağa söz vermişdi (Yevlax rayonundakı “28 aprel” kolxo¬zunun manqabaşçısı Gilas Verdiyeva və Ucar rayonundakı Mikoyan adına kolxozun sədri Məmmədova), indi onlar nə qədər məhsul yığırlar?" İmam Mustafayev cavab verdi ki, birincisi 50 sentner, ikincisi isə 43 sentner məhsul alır. Nikita Xruşşov şükranlıq edərək: “Allah eləsin ki, belə növlərdən belə havalarda yarısını ala biləsiniz” – dedi.
İosif Şikin izahat verdi ki, dörd il ardıcıl olaraq pambıq istehsalının aşağı düşməsi ancaq hava şəraiti ilə bağlı deyildir. Heyvandarlığın vəziyyətinə toxunan Şikin qeyd etdi ki, 1953-cü ilin sentyabr plenumundan sonra Azərbaycanın ictimai təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 151 min baş azalıb, bu ilin 5 ayında daha 6,5 min baş heyvan azalıb və azalmaqda davam edir. Amma bunun əksinə olaraq şəxsi təsərrüfatlarda mal-qaranın sayı 272 min baş çoxalıb. Bir çox kolxoz və sovxozlarda şəxsi istifadədə 2–3 inək, 1–2 at, 40-50 qoyun var. Buna görə onlar dövlətin siyasətinə baxmalı olduğu kimi baxmır. Onlar kolxoz sahəsində öz mal-qaralarını otarırlar. O, əlavə etdi ki, ötən illərə nisbətən süd sağını da aşağı düşüb.
Bundan sonra Şikin Nikita Xruşşovun yaralı yeri olan qarğıdalı məsələsinə Azərbaycanda ögey münasibətdən söz açdı. O, dedi ki, qarğıdalı haqqında gurultulu nitqlər söyləyirlər, amma işdə onu gözdən salırlar, ötən il qarğıdalı sahələrinin xeyli hissəsi əkilməyib, qarğıdalının yaşıl kütləsi hər hektardan 92 sentnerə düşüb, kvadrat yuva üsulu ilə əkilməli olan 133 min hektar sahənin yalnız 12,5 min hektarı əkilib.
İosif Şikin sonra Bakı bazarlarındakı vəziyyətə toxunaraq dedi ki, göyərti satışı Bakıda əsasən alverçilərin əlindədir və onlar zəhmətkeşlərdən üçqat artıq pul qoparırlar. O, əlavə etdi ki, MK və Nazirlər Soveti kənd təsərrüfatı ilə pis məşğul olur, gündəlik nəzarəti təmin etmirlər. Rayon və vilayət icraiyyə və partiya komitələrinin rəhbərliyi kənd təsərrüfatı işlərinin vəziyyətinə aid yüksək tələbkarlıq göstərmirlər. Onlar rəhbər kadrların seçilməsi kimi mühüm sahəni nəzərdən qaçırmışlar. İmam Mustafayev kənd təsərrüfatındakı vəziyyəti qeyri-tənqidi dəyərləndirir, kənd təsərrüfatı elmi məsələlərini əhəmiyyətli dərəcədə öz ixtiyarında inhisarlaşdırmış və bu da fikrimizcə, yerlərdə bir qədər təşəbbüsü buxovlayır və səngidir.
Sənayeyə gəldikdə isə İosif Şikin burada da bir sıra ciddi nöqsanların olduğunu göstərdi və dedi: “Ötən il neft sənayesi bütövlükdə planı yerinə yetirsə də, bir sıra mədənlər planı yerinə yetirmir və ötən il, habelə bu ilin beş ayı ərzində dövlətə planda nəzərdə tutulduğundan 300 min ton az məhsul verilmişdir. Neft emal edən zavodlar ilbəil neft hasilatı planlarını yerinə yetirmir, nəticədə yalnız ötən il ərzində ölkə iqtisadiyyatı qışda olduqca gərəkli 200 min ton dizel yanacağı, 250 min ton azkükürdlü ocaqxana mazutu və böyük miqdarda çeşidli yağlar ala bilməmişdir. Partiya və sovet təşkilatları neftayırma zavodlarının bu nöqsanlarından xəbərdar olsalar da, vəziyyətlə barışmışlar və fəal tədbirlər görmürlər...”
Ardı var...
Cəmil Həsənli, tarixçi alim.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru