Nikita Xruşşov: Yoldaş Mustafayev, türklərə istinad edib rus qardaşın kürəyinə bıçaq sancmaq istəyirsiniz?

Bu gün, 00:05           
Nikita Xruşşov: Yoldaş Mustafayev, türklərə istinad edib rus qardaşın kürəyinə bıçaq sancmaq istəyirsiniz?
Azərbaycan KP MK-nın iki günlük qalmaqallı iyun plenumundan az sonra respublikaya yoxlamaya göndərilmiş İosif Şikin komissiyası öz işini başa çatdırmış və yoxlamanın yekunları barədə hazırlanmış geniş arayışı Sov.İKP MK-nın müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsinə təqdim etmişdi. Şöbə müdiri Vladimir Semiçastnıy Nikita Xruşova zəng edib plan üzrə Azərbaycanda aparılan yoxlamanın başa çatdırdığın bildirdi.
Sonra isə o, yoxlamaya rəhbərlik etmiş müavini İosif Şikinlə birlikdə bütün materialları, yoxlama haqqında hazırlanmış hesabatı da götürüb Xruşşovun yanına getdi. O, Xruşşovdan xahiş etdi ki, yoxlama barədə Rəyasət Heyətində məruzəni o yox, yoxlamaya rəhbərlik etmiş Şikin etsin. Şikin Nikita Xruşşovun hələ müharibə dövründən tanıdığı hərbçi idi. Vladimir Semiçastnıy 2002-ci ildə nəşr olunmuş “Narahat ürək” adlı xatirələrində yazır:
"Şikin məruzəyə başladı. Xruşov oturmuşdu, narahat halda yerində qurcalanırdı. Sonra birdən mənə hücum çəkdi:
— Siz artıq Mustafayevə də ilişmisiniz! Axı o, ən yaxşı birinci katiblərdən biridir.
— Nikita Sergeyeviç, əvvəlcə məruzəni axıra qədər dinləyin, sonra onun yaxşı, ya pis olub-olmaması barədə danışarsınız. Əvvəlcə bu “ən yaxşı” adamın nələr etdiyini eşidin.
Şikin məruzəsini davam etdirirdi. O, əlindəki konkret faktlarla çox inandırıcı danışırdı. Baxdım ki, Xruşov bir qədər sakitləşdi, sonra isə dedi:
— Yaxşı, bu alçaq bunu necə edib? Buna necə yol verilib? (Ну, что же он, подлец, да как же он мог! Почему же это допустили?)
Və ardınca suallar, iradlar bir-birinin ardınca gəldi... Nəhayət, hər şeyi məruzə etdikdən sonra qətiyyətlə dedi:
— Məsələyə Rəyasət Heyətinin iclasında baxacağıq. Bu məruzəni hamıya göndərin.”
Və qərara alındı ki, Azərbaycan KP MK-nın büro üzvlərini tam tərkibdə Rəyasət Heyətinin iclasına çağırsınlar. Rəyasət Heyətinin iclayı iyun ayının 30-na təyin edildi.
Lakin İmam Müstafayev artıq iyun ayının 23-dən Moskvada idi və Sov.İKP MK-nın üzvü kimi iyunun 24-29-na təyin edilmiş Plenumda iştirak etməli idi. Komissiyanın yekunları barəsində ilkin məlumatları alan Nikita Xruşşov plenumunda heyvandarlığın və pambıqçılığın inkişafında yol verilmiş nöqsanlara, milli siyasətdə və bütövlükdə ideoloji işdə buraxılan səhvlərə görə Azərbaycan partiya təşkilatını kəskin şəkildə tənqid etdi.
Xruşşov dedi: “Yoldaş Mustafayev, milli siyasət məsələlərində sizdə də eyni ilə Latviyada olduğu kimi siyasət həyata keçirilir. Onlar da digər millətlərə münasibətdə eynilə belə qərar qəbul ediblər. Lakin yoldaş Mustafayev, siz yaxşı bilirsiniz ki, Azərbaycanın əhalisinin milli tərkibi belədir: üçdə biri azərbaycanlılar, üçdə biri ruslar və digər slavyan xalqları və üçdə biri isə ermənilərdən ibarətdir”. (Xruşşovun Azərbaycanda əhalinin milli tərkibi haqqında məlumatları səhv idi. 1959-cu il əhali sayımına görə azərbaycanlılar əhalinin 67,46 faizini, ruslar 13,57 faizini, ermənilər 11,96 faizini təşkil edirdi).
Nikita Xruşşov əhalinin milli tərkibi haqda faktları təhrif etdiyindən İmam Mustafayev başını yelləyərək buna etiraz etmək istədikdə, Nikita Xruşşov ona hücum edərək dedi: “Siz yoldaş Mustafayev, başınızı yelləyirsiniz. Siz özünüzü partiya təşkilatına rəhbərlikdə iflasa uğratdınız. İndi Azərbaycanda inqilabi hərəkatın tarixi yazılır. 26 Bakı komissarları hamıya məlumdur. Hamı onların rolunu bilir. 26 Bakı komissarları içərisində kim rəhbər rolu oynayıb?” Yerdən səslər gəldi ki, Şaumyan. Nikita Xruşşov istehzalı formada dedi: “Elə şey yoxdur, Şaumyan deyil. Siz Mustafayevdən soruşun, tamamilə səhv edirsiniz, Şaumyan deyil. Bilirsinizmi, bu məsələlər niyə qəsdən təhrif edilir? Ona görə ki, Şaumyan milliyyətcə ermənidir.
Bəzi rəhbər yoldaşlar məsələyə belə yanaşırlar ki, bizim millətimizin öz qəhrəmanı olmalıdır və buna görə də o dövrün tarixi hadisələrini saxtalaşdırırlar. Tarixi yanaşma lazımdır, rus xalqından öyrənin. Rus xalqı böyük Leninin xalqıdır və hər bir xalqın qarşısında baş əyir. Ümumxalq işi yolunda, inqilab yolunda, çar mütləqiyyətinə, əksinqilaba qarşı mübarizə aparan hər kəsin qarşısında baş əyir. Məsələn, Feliks Dzerjinski polyak olmasına baxmayaraq, inqilabın qılıncı ona tapşırılmışdı. Ona görə də əksinqilaba qarşı, o, əsl bolşevik kimi hərəkət edirdi. Budur, böyük beynəlmiləl borcun açarı. Kommunistləri belə nümunələrlə tərbiyə etmək, adamların ideologiyasını da bu yüksək hisslərlə proletar beynəlmiləlçiliyinə sövq etmək lazımdır”.
Məşədi Əzizbəyovla bağlı Mustafayev replika verdi ki, “Yoldaş Xruşşov, Əzizbəyov 26 Bakı Komissarının ən fəallarından biri olub və onun timsalında biz gəncləri tərbiyə edirik. Adının 1-ci yazılmasına və ya çəkilməsinə gəldikdə burada əlifba sırası gözlənilir. Əzizbəyov (rusca) “A” hərfi ilə başladığına görə birinci yazılır”.
Mustafayevin replikasına məhəl qoymadan Xruşşov davam etdi: "Məktəblərin yenidən qurulması haqqında məsələ qalxanda biz MK-da tövsiyələr verdik (məcburi deyil, başa düşmək lazımdır ki, tövsiyə olunur), şərait yaradaq ki, valideynlər uşaqlarını hansı dildə oxutmaq istəyirlərsə, həmin dili də seçsinlər. Yoldaşlar, soruşun, Azərbaycan Respublikası Ali Sovetinin sessiyası hansı qərarı qəbul edib? Uşaqlar ancaq Azərbaycan dilində oxumalıdır”.
Bu yerdə İmam Mustafayev özündə cəsarət tapıb etiraz etdi ki, belə deyil. Orada yazılıb ki, valideynlər öz uşaqlarını istədiyi dildə oxutmaq hüququna malikdirlər. Nikita Xruşşov dedi ki, komissiya (söhbət İosif Şikin komissiyasından gedir) mənə ayrı cür məruzə edib. Burada İosif Şikin mükaliməyə qoşulub bildirdi ki, orada qanun iki hissədən ibarətdir, birinci hissə doğrudur, ikinci hissə isə ziddiyyətlidir. Nikita Xruşşov dedi ki, bu, çox mühüm məsələdir. “Mən bilirəm kim bu məsələləri qaldırır. Yalnız Azərbaycanda deyil, Ukraynada da bu məsələləri ziyalılar qaldırırlar. Mən eşitmişəm və bir sıra yazıçıların ah-naləsi gəlib mənim də qulağıma çatıb.
Mən özümü elə aparırdım ki, guya bu şeylərdən xəbərsizəm. Mən eşitmişəm, yoldaş ukraynalılar, lakin hesab edirəm ki, bu iniltilər, bu ah-nalələr doğru deyil. Bəziləri deyirlər ki, qoy olsun, sonra biz bu xəstəlikdən müalicə olunarıq. Siz başa düşürsünüzmü, bu, nə deməkdir? Siz götürün üçdə bir erməniləri, üçdə bir rusları (Xruşşov yenə də səhv olaraq Azərbaycanda əhalinin milli tərkibini nəzərdə tutur). Bax, bu uşaqlar gərək iki dil öyrənsinlər, milli dili və öz ana dillərini və bundan başqa xarici dili də öyrənməlidir. Aydın məsələdir ki, onlar bunun öhd¬əsindən gələ bilməyəcəklər, onlar geri qalacaqlar”.
Xruşşov sözünə davam edərək dedi: “Mən indi də möhkəm inanıram ki, biz o zaman müttəfiq respublikalara düz tövsiyə etmişik. Ona görə ki, biz kommunizmə gedirik və xalqlar dostluğunun daha möhkəm olması vacibdir. Başqa yol yoxdur. Uşaqlar məktəblərdə o dildə oxumalıdır ki, özləri və valideynləri onların o dildə oxumağını istəyirlər. Mən burada yanlışlıq və qeyri-demokratik hərəkət görmürəm və hər cəhətdən bu tövsiyə düzdür və demokratikdir. Nə üçün bəzi yoldaşlar buna etiraz edirlər? Onlar deyir ki, rus dilinin təzyiqi çox güclü və böyükdür və get-gedə bu təzyiq artır və digər milli dillərin təsir və tərəqqisini azaldır.
Yoldaş Mustafayev, bəs siz istəyirsiniz ki, türk dilinin təsiri artsın? Mən rus olduğuma görə bu barədə danışmağım çətindir. Lakin mən burada pis bir şey görmürəm və düşünmürəm ki, sinfi düşmənlərlə mübarizənin ağırlığını öz çiynində aparan xalqın dilinin təsirini artırmaq pis olsun. Mən əminəm ki, heç bir millət bizi bu məsələdə təqsirləndirməz. İndi bütün dünyada, hətta ABŞ-da rus dilini öyrənirlər. Lakin onlar bizim sirlərimizi öyrənmək üçün öyrənirlər, dostlar isə rus xalqına olan məhəbbətə görə öyrənirlər.
Burada nə pis iş var? Bunun hamısı Sov.İKP-nin qüdrətini göstərir. Bərabər xalqlar içərisində rus xalqının, böyük qardaşın böyük rolunu göstərir. Bəzilərinin isə böyük qardaşı olduğu o zaman yada düşür ki, inqilabdan və keçmiş müharibədən söhbət düşür. Gündəlik fəaliyyətlərində və həyatda isə bu qardaşa arxa çevirir, digər yerini göstərir. Bu, qardaşlıq deyil, ağıllı hərəkət deyil, rus qardaş həmişə sənə üzünü çevirir, siz isə üzünüzü döndərmək istəyirsiniz. Siz, yoldaş Mustafayev, türklərə istinad edib rus qardaşın kürəyinə bıçaq sancmaq istəyirsiniz, bu yaxşı hal deyil”.
İyun ayının 29-da Sov.İKP MK plenumunun qərarı müzakirə edilən zaman Azərbaycanda milli siyasətin həyata keçirilməsində yol verilmiş “kobud pozuntulara” yenidən qayıdıldı və onun üzərində geniş dayanıldı. Nikita Xruşşov qeyd etdi ki, İmam Mustafayev yetkin siyasi işçi deyil, özü kənd təsərrüfatı üzrə mütəxəssis olsa da, Sov.İKP MK-nın sentyabr (1953-cü il) və sonrakı plenumlarının qərarlarına uyğun olaraq kənd təsərrüfatının bütün sahələrinin inkişafını təmin etməyib.
Həmin plenumda milli siyasətdə yol verilmiş nöqsanlara görə ciddi tənqid olunan ikinci respublika Latviya SSR oldu. Müzakirə edilən məsələlərlə bağlı plenum 28 səhifədən ibarət geniş qərar qəbul etdi.
Ardı var...
Cəmil Həsənli tarixçi alim.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru