"Yəqin hamı bunu istəyir."
Bu gün, 10:44

Heç olubmu ki, bir şeyin mənasız olduğunu hiss edəsiniz, amma ətrafınızdakı hər kəs razı görünür deyə siz də razı görünəsiniz? Ən maraqlısı isə budur ki, çox vaxt həmin vaxt ətrafınızdakı insanların hər biri eyni sualı öz-özünə verir. Amma heç kim ilk danışan olmaq istəmir. Beləcə, heç kimin qəlbən inanmadığı bir fikir, hamının susması sayəsində "ümumi razılıq" görüntüsü qazanır. Psixologiyada bu hadisə plüralist cəhalət adlanır.
Bəzən bir otaqda, bir masa arxasında oturan insanların hamısı eyni mənasızlığı görsə də heç kim ilk etiraz edən olmaq istəmir. Nəticədə hamının daxilən yanlış hesab etdiyi bir şey "qayda", "ənənə" və ya "nizam" adı altında problemsiz şəkildə davam edir.
Məktəbdə də bunun saysız nümunələri var. Müəllim mürəkkəb bir mövzunu izah etdikdən sonra soruşur: Hamı dərsi başa düşdümü?
Sinifdə bəlkə də heç kim mövzunu tam anlamayıb. Amma hər kəs başqalarının başını tərpətdiyini görüb düşünür ki, "görünür yalnız mən anlamadım." Əl qaldırmağa utanır. Halbuki yanındakı şagird də eyni hissləri yaşayır. Dərs bitir, amma sinifin böyük hissəsi mövzunu anlamadan otaqdan çıxır.
Sosial mediadakı linç kampaniyalarının bir hissəsi də məhz bu mexanizmlə böyüyür. Bəzən insanlar daxilən düşünür ki, hansısa şəxsə qarşı göstərilən reaksiya artıq həddi aşıb. Amma ilk "bu qədər də yox" deyən olmaqdan çəkinirlər. Çünki elə bilirlər ki, ümumi qəzəb hamının səmimi fikridir. Susduqca isə həmin yanlış norma daha da güclənir.
İnsan sosial varlıqdır. Min illər boyu tayfalar halında yaşadığı üçün beyni hələ də qrupdan kənarda qalmağı təhlükə kimi qəbul edir. Bu səbəbdən çox vaxt həqiqəti deməkdən əvvəl ətrafa baxırıq. Əgər hamı susursa, biz də susuruq. Əgər hamı razı görünürsə, biz də razı görünürük. Halbuki çox vaxt həmin insanların hər biri eyni qorxunu yaşayır.Beləcə qəribə bir vəziyyət yaranır: heç kimin inanmadığı fikir hamının davranışı sayəsində həqiqət görüntüsü qazanır. Bütün diktaturaların, bütün mənasız qaydaların və bütün köhnəlmiş ənənələrin arxasında təkcə qorxu dayanmır. Orada bir yanlış təsəvvür də var: "Yəqin hamı bunu istəyir."
Əslində isə "hamı" deyilən anlayış çox vaxt mövcud olmur. O, ayrı-ayrı insanların bir-birinin sükutunu yanlış oxumasından yaranan kollektiv illüziyadır.
Gunel Musa

