"Alimlər uzunömürlülüyün açarını tapdı: illərlə unudulan orqan yenidən diqqət mərkəzindədir" - Elmi tədqiqat
Bu gün, 10:24

Uzunömürlülüyün sirri insan orqanizmində uzun illər əhəmiyyətsiz hesab edilən timus vəzində gizlənə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Nature" jurnalında dərc olunan məqalədə deyilir.
Timus vəzi yaşlanmanı ləngidə bilər
Alimlər hesab edir ki, yaş artdıqca kiçilən bu orqanın bərpası immun sistemini gücləndirə, xərçəng riskini azalda və hətta orqanizmin bioloji qocalmasını ləngidə bilər. Timus T-limfositlərin yetişdiyi əsas orqandır. Məhz bu hüceyrələr viruslara, infeksiyalara və xərçəng hüceyrələrinə qarşı mübarizədə mühüm rol oynayır. Lakin yeniyetməlik dövründən sonra timus tədricən piy toxuması ilə əvəzlənir və fəaliyyəti zəifləyir. Məsələn, 65 yaşında bu vəz 8 yaşla müqayisədə cəmi 10 faiz T-hüceyrəsi istehsal edir.
İlk nəticələr ümid verir
ABŞ-dən olan alim Qreqori Fahi hələ 1996-cı ildə timusun bərpası ilə bağlı ilk təcrübələrə başlayıb. Sonrakı klinik sınaqlarda böyümə hormonu və digər maddələrdən ibarət müalicə alan könüllülərdə timusun fəaliyyətinin yaxşılaşdığı, həmçinin "epigenetik yaşın" orta hesabla 2,5 il geri çəkildiyi müşahidə olunub.
Bununla belə, alimlər bu nəticələrin daha geniş araşdırmalarla təsdiqlənməsinin vacib olduğunu bildirirlər. Son illərdə aparılan böyük tədqiqatlar da göstərib ki, timusun kiçilməsi ölüm, xərçəng və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəlidir. Bu səbəbdən bir sıra biotexnologiya şirkətləri timusun bərpasına yönəlmiş yeni preparatlar üzərində işləməyə başlayıb.
Hələlik cavabsız suallar çoxdur
Mütəxəssislər timusun bərpasını yaşlanma ilə mübarizədə perspektivli istiqamət hesab etsələr də, bu sahədə hələ çox sual açıq qalır. Hazırda ən böyük problemlərdən biri preparatların məhz timus vəzinə təsirini təmin etmək və mümkün yan təsirləri minimuma endirməkdir. Bundan başqa, alimlər bərpa olunan timusun uzunmüddətli dövrdə əvvəlki kimi tam funksional işləyib-işləmədiyini də araşdırır.
Araşdırma müəlliflərinin fikrincə, timusun cavanlaşdırılması gələcəkdə yaşlanma ilə bağlı xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Lakin bu cür müalicələrin geniş istifadəyə verilməsi üçün hələ bir neçə il davam edəcək klinik sınaqlar və əlavə elmi sübutlar tələb olunur.

