Ukrayna böyük dövlətlərə dron satır: Döyüş təcrübəsi qiymətləri bahalaşdırıb
Bu gün, 12:34

Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynada döyüş şəraitində sınaqdan keçmiş AR5 pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 400 milyon funt sterlinq (532 milyon ABŞ dollarından çox) həcmində vəsait ayırmağı planlaşdırır. Korrekt.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.
Məlumata görə, uzun mənzilli kəşfiyyat imkanlarına malik AR5 dronları İngiltərənin Svindon şəhərində inşa edilən yeni zavodda istehsal olunacaq. Zavodun bu ilin sonunadək fəaliyyətə başlaması gözlənilir.
Portuqaliyanın Tekever şirkəti tərəfindən hazırlanan AR5 PUA-ları 2022-ci ildən etibarən Ukrayna Silahlı Qüvvələri tərəfindən geniş şəkildə istifadə olunur. Dronlar 50 kiloqrama qədər müşahidə avadanlığı, o cümlədən yüksək dəqiqlikli kamera və müxtəlif sensorlar daşıya bilir. Bu sistemlər döyüş meydanında hədəflərin və təhlükələrin aşkar edilməsində istifadə olunur.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, Ukraynada effektivliyini sübut edən AR5 platforması Britaniya ordusunun yeni təhlükələrə qarşı hazırlığını gücləndirmək məqsədilə seçilib.
Yeni AR5-lər Britaniya ordusunda istismardan çıxarılan Watchkeeper pilotsuz aparatlarını əvəz edəcək. Məlumata görə, 2014-cü ildən bəri istifadədə olan 54 Watchkeeper dronundan 8-i qəzaya uğrayıb. Mənbələr bu sistemlərin idarə edilməsinin mürəkkəb olduğunu bildirirlər.
Müdafiə Nazirliyi hesab edir ki, AR5 dronları dözümlülük, sensor imkanları və etibarlılıq baxımından Watchkeeper sistemlərini əhəmiyyətli dərəcədə üstələyir.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bəyan etmişdi ki, yaxın illərdə Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının uçuş məsafəsi 5 000–10 000 kilometrə çata bilər. Onun sözlərinə görə, Kiyev bu texnologiyalar sahəsində ABŞ ilə əməkdaşlığı genişləndirməyə hazırdır.
/korrekt.az/

