"1968-ci ildə baş verən ən qəribə nüvə fəlakəti: Qrenlandiyada nə baş verib?" - "IFL Science" nəşri

Dünən, 09:24           
"1968-ci ildə baş verən ən qəribə nüvə fəlakəti: Qrenlandiyada nə baş verib?" -
1968-ci ildə Qrenlandiyada baş verən hadisə "soyuq müharibə" dövrünün ən təhlükəli nüvə insidentlərindən biri hesab olunur. ABŞ-a məxsus B-52 bombardmançısının qəzaya uğraması nəticəsində nüvə bombaları buzla örtülü əraziyə səpələnib və illərlə gizli saxlanılan böyük siyasi qalmaqal yaranıb.

Moderator.az xəbər verir ki, bu barədə "IFLScience" nəşri yazıb.

1968-ci ildə baş verən ən qəribə nüvə fəlakətlərindən biri

Nəşr yazır ki, pilotun səhvi adi uçuşu ekipaj üçün ölümcül tələyə çevirdi. Təyyarədə baş verən yanğın hərbçiləri qütb gecəsinin ortasında təxliyə olunmağa məcbur etdi. Qrenlandiya fəlakətinin əks-sədası siyasətçilərə yalnız 1990-cı illərin sonunda çatdı.

Pentaqonun arxivlərində kütləvi qırğın silahlarının təsadüfən itirilməsi və ya partlaması ilə bağlı 30-dan çox hadisə qeydə alınıb. Lakin misli görünməmiş diplomatik və ekoloji fəlakət statusunu yalnız bir hadisə qazanıb. Bu hadisənin ən absurd tərəfi isə qlobal təhlükəyə səbəb olan şeyin pilotun kürəyinin altına qoyduğu bir parça porolon olması idi.

Qütb üzərində ölümcül uçuş

"Soyuq müharibə"nin ən gərgin dövründə Vaşinqtonda nüvə müharibəsi qorxusu ən yüksək həddə çatmışdı. "Xrom örtük" ("Chrome Dome") proqramı çərçivəsində nüvə bombaları ilə yüklənmiş onlarla B-52 bombardmançısı sutka ərzində havada növbə çəkirdi.

Onların marşrutları Arktika buzlaqları üzərindən keçirdi. Məqsəd mümkün III Dünya müharibəsi başlayacağı təqdirdə Sovet İttifaqınım sərhədlərinə zərbə endirmək üçün minimal uçuş vaxtını təmin etmək idi. 1968-ci ilin şaxtalı yanvar səhərlərinin birində belə uçuşlardan biri Nyu-Yorkdakı Plattsburq hava limanından başladı. Təyyarə dörd ədəd ölümcül B28FI nüvə bombasını daşıyırdı.

Qütb marşrutunda dözülməz soyuq səbəbindən pilotlardan biri kabini isitmək üçün oturacaq örtüklərindən istifadə etdi. Lakin təsadüfən onlarla qızdırıcının hava borusunu bağladı. Mühərriklərdən gələn isti hava qısa müddətdə parçanı alışdırdı.
Yanğını söndürmək cəhdləri nəticə verməyəndə komandir ekipaja təyyarəni tərk etmək əmri verdi.

Qrenlandiya üzərində baş verən faciə

Bu vaxta qədər yanmaqda olan təyyarə artıq Qrenlandiyadakı Tula hərbi bazasının üzərində idi. Təxliyə zamanı ikinci pilot həlak oldu - o, aşağı lyukdan çıxarkən ölümcül zərbə aldı. İdarəolunmaz təyyarə hərbi obyektlərin yaxınlığına düşdü.

Güclü zərbə nüvə bombalarının daxilindəki adi partlayıcı maddələrin partlamasına səbəb oldu. Xoşbəxtlikdən nüvə zəncirvari reaksiyası baş vermədi. Lakin plutonium hissəcikləri küləklə ətrafa yayıldı və təxminən 8 kvadrat kilometr ərazidəki tundranı radioaktiv çirklənməyə məruz qoydu.

Gizli qalmaqala çevrilən fəlakət

Fəlakətin nəticələrinin aradan qaldırılması 9 ay davam etdi. ABŞ və Danimarkadan olan mütəxəssislər radioaktiv qar örtüyünü təmizlədilər.
Amerikalılar çirklənmiş buzla dolu 600-ə yaxın çəlləyi ABŞ-a apardılar. Axtarış qrupları yalnız üç bombanın hissələrini tapa bildi. Dördüncü bomba isə əbədi olaraq buzlu körfəzin dibində qaldı.

Əsl informasiya partlayışı isə yalnız 1995-ci ildə baş verdi. Həmin vaxt hökumətin məxfi arxivləri açıldı. Bundan əvvəl Kopenhagen rəsmi olaraq bütün nüvə silahlarına qarşı sərt mövqedə olduğunu bildirirdi.

Lakin danimarkalılar öyrəndilər ki, onların hökuməti təkcə ada üzərində ölümcül uçuşlara göz yummayıb, həm də Tula bazasında illərlə gizli şəkildə onlarla Amerika nüvə başlığının saxlanmasına icazə verib. Bu məlumat ölkədə misli görünməmiş siyasi böhrana səbəb oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru