Dünyada narsist insan yoxdur… – Aqşin Yenisey
Bu gün, 11:26

İmadəddin Nəsimi qəzəlinin birində deyir:
Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Dağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam.
Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,
Ərni mənəm, hеyran mənəm, dərd ilə dərman olmuşam.
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm,
Dana ilə nadan mənəm, həm inü həm an olmuşam.
Gəh çıхmışam İsa kimi, çərх üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam.
Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi Nəsimiyəm, bu gün хak ilə yеksan olmuşam.
Fərdləri maddi dünya üçün özgürləşdirərək özəlləşdirən, ələ keçirən neoliberal kapitalizmin istehlakçını, tükəticini iqtisadi sistemin mərkəzinə gətirməsi üçün rütbələndirdirdiyi psixoloqlara bu şeri yazanın kimliyini deməsən ona dərhal narsist diaqnozu qoyacaq və pasiyentinə ondan uzaq gəzməyi, ərdirsə boşanmağı, qohumdursa, uzaq durmağı şiddətlə tövsiyyə edəcəklər. Halbuki dünyada narsist deyə bir insan növü yoxdur. Narsizm müasir psixoloqların xarakterə qoyduğu addır.
Ona qalsa Don Kixot narsistdir, Hamlet narsistdir, Məcnun narsistdir. Öz idelları uğrunda mübarizə aparan hər kəs narsistdir. Çünki toplumun rəy və fikirlərini veclərinə almır, əksin, daha artığını edirlər.
Şəxsiyyətini orda-burda güddüyü ağızlardan eşitdiyi sözlərlə qiymətləndirən kəmağıl insanlar üçün yeni istismar dəbi atıblar ortaya: narsistlik. Sosial media doludu insanları bir-birinə düşmən edən narsizm uzmanlarıyla. Hamısı narsist haqqında üyüdür, heç biri səbəbləri haqqında danışmır. Guya, narsist deyə iblislər dolaşır aramızda, hansı planetdən gəldikləri də bilinmir. Və bu narsistlər, guya, başqalarının həyatının parazitidirlər, onların duyğularını, saf niyyətlərini istismar edirlər.
Anlayışın mənşəyi ilə tərsmütənasib yanaşmadır bu. Narsist başqalarını yox, özünü özünə qurban edəndir. Narsist üçün başqası adlı məxluq yoxdur. Narsist varsa, özünə xətər yetirəcək. Narsizmin fəlsəfəsi budur. Narsistin özündən başqa qurbanı ola bilməz.
Narsist heç vaxt sizin həyatınıza soxulmaz. Narsistin həyatına soxulan və ondan özünə deyil, sizə heyran olmasını tələb edən sizsiniz. Narsist özünü sizdən qoruyan kəsdir. Siz ondan işinizə yarayan adam düzəltmək istədikdə və buna nail ola bilmədikdə, onu şərləyirsiniz. Onu şeytanlaşdırırsınız.
Ailə və cəmiyyətlə münasibətlərdən kimisi yaltaq, kimisi qorxaq, kimisi pulgir, kimisi cibgir olaraq çıxdığı kimi, kimisi də “narsist” olaraq ayrılır. Yəni adına narsistlik deyilən davranış forması insanlığın həyatda qazandığı yüzlərlə davranış formalarından biridir. Bəyəm pulgir, yaxud yaltaq daha az ziyanlıdır? Cəmiyyətdə onların niyə düşmən obrazı yaradılmır? Güya, qorxaq olmaq olar, amma narsist olmaq fəlakətdir!
İndi sizə narsist adıyla damğalanan o naməlum bədbəxtin əsas özəlliklərini sadalayacağam, əlbəttə, öz şərhlərimlə birlikdə.
Özünü tənqiddən üstün görür.
Bəs onu tənqid edənlər kimlərdir? Bütün həyatı eybəcər dəyərlər üzərində qurulanlar. Hər gün küçədə, iş yerində min hoqqadan çıxanlar.
Manipulyativ davranış nümayiş etdirir.
Əcəb edir, bütün günü bir-birinizi ucuz şeylərə görə manipulyasiya edənlər siz deyilsiniz? Bütün mədəniyyət manipulyasiya üzərində qurulmayıb?
O, öz mənfəəti üçün başqa şəxslərdən istifadə edir.
Düz edir, əlinin içindən gəlir. Peyğəmbər belə öz mənfəətləri uğrunda göydən “Qənimət surəsi” endirib.
Onunla eyni statusda olan insanlarla dostluq etmək istəyir. Amma bu baş verdikdə belə irəlidə olmaq istəyi ilə öz mühiti ilə rəqabət aparır.
Pah! Nə qəribə insan davranışı! Ən mehriban ər və arvad belə hər gün bir addım öndə olmaq üçün bir-birini sevgi, sədaqət adlı hisslərlə aldatmırmı?
Öz qabiliyyətlərini və nailiyyətlərini şişirdir və onları üstün görür.
Bu lap ağ oldu, aramızda öz bacarıqlarını şişirtməyən və öz bacarığını üstün görməyən bircə nəfər insan göstərin mənə, gedib qızıl almanı oğurlayan divlə süpürləşməsəm, adamlıqda payım yoxdur.
O, həmişə haqlı olacağı mühitlər yaradaraq bəyənilmək istəyir.
Tövbə-tövbə. Guya, biz həmişə haqsız olacağımız mühit yaratmaq üçün təşnəyik. Ən böyük istəyimiz də bəyənilmək yox, hər kəsin nifrətini qazanmıqdır.
Daim tərif gözləyir və bunun üçün təzyiq mühiti yaradır.
Bir dəqiqə! Xahiş edirəm, daim tənqid olunmaq istəyən əlini qaldırsın. Atamızın, yaxud anamızın başdaşının şəklini paylaşıb layk yığmaq tərif üçün təzyiq mühiti yaratmaq deyil, ay Aftandil?
O, digər insanları özündən daha az istedadlı, daha az uğurlu, daha az ağıllı və daha az gözəl görür.
Bu məsələdə texnologiyaya müraciət edəcəyik. Getdiyi başdansovdu tədbirdən şəkil paylaşan, evdə bişirdiyi pərpətöyün üçün canlı açan, 20-30 sözlə sosial şəbəkədə hamıya ağıl öyrədən, şerini, şəklini bəyənməyənləri acılayıb bloklayan milyonları saycaq, onda belə çıxacaq ki, bizim arvadlar ancaq narsist doğurlar ki! O kimdir ki, uğursuz, çirkin və kəmağıl olması ilə qürur duyur?
İnsanların onlara xidmət edən mövqedə olduqlarını güman edir.
Tutaq ki, bu sözlərlə razılaşdıq. Bəs onda “bacarana baş qurban” atalar sözümüzü hansı deşiyə soxacağıq. Bu atalar sözümüz elə insanların onun xidmətində olduğunu güman edənləri müdafiə edir də.
O, özünü cəmiyyətin bir parçası kimi görsə də, bu cəmiyyət daxilində xüsusi münasibətə layiq olduğunu düşünür və həmin cəmiyyətin zirvəsindəki şəxs olduğunu iddia edir.
Gəlin əyri oturaq, düz danışaq; hansı ailə öz övladını cəmiyyətin zirvəsinə layiq bir pafosla böyütmür, hansı ailə övladına cəmiyyətin dibində olmağı arzulayır. Biz uşağımıza cəmiyyətin bir parçası olmağı ona görə arzulamırıq ki, topluma fayda versin, istəyimiz odur ki, birdən hamı yeyər, ona çatmaz. Bu bir milli tərbiyə üsuludur, bunun harası narsizm oldu?
Başqaları vasitəsilə mövcuddur.
Hobbs deyirdi ki, insan insanın canavarıdır. Bütün insanlar başqaları vasitəsilə mövcud deyillərmi? Sürü məxluqu olan insan üçün başqa bir mövcudluq halı varmı?
Ümumiyyətlə, bu pozğunluğun əsasını uşaqlıqda yaşanan dəyərsizlik, sevgisizlik kimi anlayışlar təşkil edir.
Bütün dəyər yaradan insanlar uşaqlıqda yaşanan dəyərsizlik, sevgisizlik mühitinin yetirməsidir. Gərək onda Dikkensə də, Qoqola da, Bethovenə, Şopenhauerə və s. nəhəng söz və fikir adamlarına da ucdadtutma narsist deyək.
Kənardan nə qədər özünə güvənən görünsə də, özünə inam anlayışı daxildə kövrəkdir və bunu göstərmək onun ən böyük qorxusudur.
Bu 13 nəhs ədəd olduğu üçün işləri korlayır. Yuxarıdakı bəndlərin, sadəcə, söz yığını olduğunu göstərir. Özgüvəni zəif olan, özünə inamı kövrək olan biri necə başqalarını öz xidmətində görə bilər? Necə özünü cəmiyyətin zirvəsindəki insan zənn edə bilər? Necə ətrafında həmişə haqlı olduğu mühiti yarada bilər?
Son olaraq:
Siz narsist-filan deyilsiniz, xarakterli insansınız. Xarakterinizi hər axmaq dəbə güzəştə getməyin və əmin olun dünyada cəmi bir narsist olub, o da sudakı əksinə heyran olaraq özünü gölə atıb və boğulub ölüb.
Aqşin Yenisey
DAHA.az

