Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? – İnanılmaz

Bu gün, 11:08           
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? – İnanılmaz
Bilgəh çimərliyinin vəziyyəti növbəti dəfə narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda çimərliyin baxımsız vəziyyətdə olduğu, ərazidə elementar infrastrukturun olmadığı və təmizliyin lazımi səviyyədə təmin edilmədiyi iddia olunub. Videomüraciətin müəllifi Samir İsmayıl aidiyyəti qurumlara çağırış edərək bildirib ki, sahildən maşınlarla qum daşınmasının qarşısı alınsın. Xatırladaq ki, Xəzərdən qumun qanunsuz çıxarılması, satıl ası halları illərdir davam edir. Amma bu oğurluq dayandırıımır. Dənizin qumunu daşımaq ciddi fəsadlar törədir. Həm sahildə, həm dənizdə böyük çalalar, boşluqlar yaradır.

S.İsmayıl deyib ki, Bakı şəhərinin Baş Planında həmin ərazidə bulvarın salınması nəzərdə tutulsa da, illərdir bu istiqamətdə hər hansı ciddi dəyişiklik baş verməyib.

Bilgəh çimərliyi ilə bağlı səsləndirilən bu iddialar nə dərəcədə əsaslıdır? Həmin ərazidə infrastrukturun yaxşılaşdırılması və Bakı şəhərinin Baş Planında nəzərdə tutulan layihələrin icrası istiqamətində hazırda hansı işlər görülür? Bu layihələrin həyata keçirilməsi ilə bağlı konkret vaxt qrafiki müəyyən edilibmi?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, Azərbaycanın açıq sahil zolaqlarında və çimərlik ərazilərində sahibsiz torpaq anlayışı faktiki olaraq yoxdur:

“Bu torpaqların böyük əksəriyyəti zamanla müxtəlif fiziki və ya hüquqi şəxslərin istifadəsinə verilib. Ona görə də ilk növbədə həmin ərazinin hüquqi istifadəçisinin kim olduğu müəyyənləşdirilməlidir. Əgər torpaq sahəsi qüvvədə olan sərəncam əsasında hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsinə verilibsə, həmin şəxs qanunvericiliyə uyğun olaraq ərazinin təmiz saxlanmasına və baxımına görə məsuliyyət daşıyır. Bu məsələ Torpaq Məcəlləsi, Mülki Məcəllə və ekoloji qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə görə, torpaq sahəsi baxımsız vəziyyətdə qala bilməz və onun saxlanılması öhdəliyi istifadə hüququ verilmiş tərəfin üzərinə düşür”.

Ekspert bildirib ki, əgər həmin ərazi heç kimə verilməyibsə və ya istifadəyə dair sərəncamın müddəti başa çatıbsa, bu halda məsuliyyət yerli icra hakimiyyəti və bələdiyyənin üzərinə keçir:

“Onlar qanunvericilik və səlahiyyətlərini müəyyən edən normativ aktlara əsasən ərazinin təmiz saxlanmasını və abadlaşdırılmasını təmin etməlidirlər. Hazırkı vəziyyətdə ilk növbədə aidiyyəti qurumlar açıqlama verməlidirlər ki, sözügedən torpaq sahəsinin faktiki hüquqi istifadəçisi kimdir. Əgər belə bir istifadəçi müəyyən olunmursa, məsuliyyət birbaşa yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür. Bununla yanaşı, ətraf mühitin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına nəzarət baxımından Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məsələdə müvafiq səlahiyyət və məsuliyyət daşıyır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Globalinfo.az-a bildirilib ki, qeyd olunan Bilgəh çimərliyində Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən məişət tullantılarının yığılması məqsədilə ərazinin müxtəlif nöqtələrində tullantı konteynerləri yerləşdirilib və mütəmadi olaraq təmizlik işləri həyata keçirilir:

“Məişət tullantıları vaxtında daşınır və konteynerlərin təmizlənməsi təmin edilir. Əlavə olaraq qeyd etmək istərdik ki, dəfələrlə maarifləndirici xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi istirahət edən vətəndaşlar tərəfindən məişət tullantıları konteynerlərə deyil, bunun üçün nəzərdə tutulmamış ərazilərə atılır ki, bu da çimərliyin sanitar vəziyyətinə mənfi təsir göstərir.
Bununla yanaşı, çimərlik ərazisinin təmiz saxlanılması istiqamətində vətəndaşların da sanitar-gigiyenik qaydalara riayət etməsi və ətraf mühitə məsuliyyətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru