Rusiyada məktəbli dərs zamanı atəş açdı: Yaralananlar var
26-11-2025, 10:28
Rusiyanın Vladivostok şəhərindəki məktəblərdən birində 8-ci sinif şagirdi dərs zamanı qaz tapançası ilə atəş açıb.
"SHOT" "Telegram" kanalı xəbər verir ki, hadisə nəticəsində azı yeddi şagird xəsarət alıb.
Məlumata görə, Uboreviç küçəsindəki 1 nömrəli gimnaziyanın şagirdi binanın girişində təhlükəsizlik çərçivəsindən və mühafizə xidmətinin yanından keçib.
Məktəbli elə ilk dərs zamanı silahı yoxlamaq qərarına gəlib. Atəşdən sonra sinif yoldaşlarının gözlərindən yaş axıb, həmçinin tənəffüs yollarında yanma hissi yaranıb.
Hadisədən sonra dərs prosesi dayandırılıb, uşaqlar evə buraxılıblar. Əraziyə polis cəlb olunub, faktla bağlı araşdırma aparılır.