İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına çoxsaylı zərbələr endirib - VİDEO

Bu gün, 09:48           
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına çoxsaylı zərbələr endirib - VİDEO
İranın hərbi qüvvələri ABŞ-nin Bəhreyndə yerləşən donanmasının mövqelərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
"Düşmənin hərəkətlərinə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri saat 2:30-da Bəhreyndəki 5-ci donanmanın dəniz qüvvələrinə qarşı PUA hücumu həyata keçirib", - deyə açıqlamada qeyd olunub.

Həmçinin telekanal SEPAH-ın regiondakı bir neçə ABŞ bazasına zərbələr endirməsi barədə bəyanatını da təqdim edib. Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı rəsmi məlumatda ABŞ-nin hücumları nəticəsində iki su çəninin dağıldığı və telekommunikasiya qülləsinə ziyan dəydiyi bildirilir.

Bundan başqa ABŞ-nin hücumlarına cavab olaraq İranın hərbi hava qüvvələri Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib.

"Dörd mühüm hədəf, o cümlədən aviabazada "F-35" qırıcılarının anqarları və İordaniyanın Əz-Zübeyd bölgəsində Amerika ordusunun idarəetmə və nəzarət mərkəzi məhv edilib", - deyə SEPAH-ın yaydığı məlumatda qeyd edilib.

Bundan əlavə, İran ABŞ-nin hərbi hava və hərbi dəniz bazalarında ümumilikdə 21 hədəfi vurduğunu, həmçinin "MQ9" pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

ABŞ isə növbəsində İranın buraxdığı raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) mütləq əksəriyyəti havada zərərsizləşdirildiyini bildirib.

"Reuters" agentliyinin Amerika Birləşmiş Ştatları administrasiyasındakı mənbəyə istinadən yaydığı xəbərə görə, İran tərəfindən ABŞ-nin hərbi obyektlərinə atılan ballistik raketlər və dronlar demək olar ki, tamamilə ələ keçirilib. Bundan əvvəl isə "Axios" portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinad edərək bildirmişdi ki, Tehran Bəhreyn, Küveyt və İordaniyada yerləşən Amerika bazalarına ən azı dörd ballistik raket və bir neçə PUA atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru