İnsan üçün ən vacib şeylərdən biri də idealıdır. İdeal seçimi bir növ proqram seçimidir.

Bu gün, 09:14           
İnsan üçün ən vacib şeylərdən biri də idealıdır. İdeal seçimi bir növ proqram seçimidir.
İnsan üçün ən vacib şeylərdən biri də idealıdır. İdeal seçimi bir növ proqram seçimidir. Kimi seçirsən, onun proqramı sənə yüklənir və bu, sənin düşüncələrinə, qərarlarına və həyatına təsir edir.
Nəsiminin ilhamlandığı şəxs Həllac Mənsur idi. Aralarında təxminən 4 əsr olsa da, həm həyatları, həm də dünyadan köçməkləri bir-birinə bənzədi.
Dostum Məhəmmədəlinin də dilindən Ənvər Paşa düşmürdü. Onun da bu dünyadan köçüşü Ənvər Paşanın taleyinə bənzədi. Silahlı düşmənin üzərinə yürüdü və sinəsini gülləyə sipər etdi.
Bunun yüzlərlə nümunəsini tarixdə də, həyatda da görə bilərik.
Bəs gələcək cəmiyyətimizin rol modelləri kimdir?
Mənim toylarda ilk sifariş etdiyim mahnılardan biri "Azərbaycan oğluyam" mahnısıdır. Mahnının sözləri belədir
"Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam."
Gəlin Cavanşirdən başlayaq. Cavanşir kimdir? Varaz Tiridatın oğludur. Bəs Varaz kimdir?
Babək kimdir? Bu sualın cavabı müxtəlifdir. Amma gəlin baxaq, Babəki bizə kim tanıdıb? Kim icazə verib ki, Babək bu gün xalq qəhrəmanı kimi xalqın yaddaşında yaşasın? Əlbəttə, Sovet hakimiyyəti. Bəs onlar bizə yaxşı şey edərdilərmi?
Gələk Nəbiyə... Özüm Qubadlıdanam, ona görə Nəbi qağamız haqqında çox danışmaq istəmirəm. Amma onu da bizə Sovet hakimiyyəti əsasən bir film vasitəsilə tanıdıb. Nəbi kimi oğullar tariximizdə minlərlə yox, on minlərlə olub. Məsələ budur ki, Sovet hakimiyyəti onu bizə ideal kimi təqdim etməyə icazə veribsə, burada mütləq bir əmma var.
Gələk Koroğluya... Koroğlu deyir ki, "İgidlik ondur, doqquzu qaçmaqdır." Dastana baxsaq, Koroğlunu döyməyən qalmayıb. Eyvaz döyüb, Dəli Həsən döyüb, axırda da Giziroğlu Mustafa bəy döyüb suda boğur. Amma Koroğlu xalq qəhrəmanıdır.
Bu gün İranda Səttarxanın heykəli varsa və İran dövləti buna icazə verirsə, deməli burada İran dövlətçiliyi üçün müəyyən sosioloji və psixoloji faktorlar var.
Hə, sual budur ki, bizim dastanımız, hekayəmiz və qəhrəmanlarımız yoxdur?
Əlbəttə var.
Məsələn, Sacilər dövlətinin ən parlaq hökmdarı Yusif ibn Əbu Sac. Azərbaycan torpaqlarını tarixdə ilk dəfə böyük ölçüdə vahid siyasi hakimiyyət altında birləşdirən hökmdarlardan biri. Neçə nəfər onun adını bilir?
Və ya Abbas Mirzə. Azərbaycanın parçalanmaması üçün mübarizə aparan, ordunu müasirləşdirməyə çalışan, "Niyə onlar inkişaf etdi, biz isə geri qaldıq?" sualını verən böyük dövlət adamı. Neçə nəfər onu öz idealı kimi görür?
Bu gün isə artıq öz gözümüzün önündə yazılmış bir dastan var, 44 günlük Vətən müharibəsi və Zəfər dastanı.
Əgər bir xalqın dastanı onun gələcək nəsillərə ötürdüyü ruhdursa, 44 günlük Zəfər də bu xalqın yeni dastanıdır. Bu dastanın qəhrəmanları canını Vətən uğrunda fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimiz və bu mübarizəni qələbə ilə nəticələndirən Müzəffər Ali Baş Komandandır.
Bəlkə də məsələ qəhrəmanlarımızın olmamasında deyil. Məsələ kimlərin qəhrəman kimi təqdim edilməsindədir.
Çünki hər millət gələcəyini öz qəhrəmanlarının üzərində qurur.
Bu gün övladlarımıza kimi göstəririksə, sabah cəmiyyət də ona bənzəməyə çalışacaq.
Əgər ideal seçimi proqram seçimidirsə, onda ən vacib sual budur
Azərbaycan xalqının ideal qəhrəmanları kim olmalıdır?
Övladlarımızın bənzəməsini istədiyimiz insanlar kimlərdir?
Və ən əsası, o qəhrəmanları biz seçmişik, yoxsa onlar bizim üçün seçilib?
Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru