Ha Qaldırırıq Ata Dona, Millət Düşür Qasıq Yona
10-06-2026, 00:02

Biz nə qədər cəhd edirik ki, xalqda Qərb mədəniyyəti, mütərəqqi dəyərlər, şəxsi sərhədlərə və fərdi azadlıqlara hörmət formalaşsın, kütləvi təfəkkür hələ də gözünü qasıqdan, bioloji instinktlərdən və beldən aşağı mövzulardan kənara çəkə bilmir.
Sumqayıtda bir restoranın girişinə vurulmuş "Şort ilə giriş qəti qadağandır" lövhəsi sadəcə bir dress-kod məsələsi deyil. Bizim mental olaraq ən radikal Şərqə aid olmamızın təzahürüdür. Paytaxtda Avropa memarlığını yamsılamaqla, qlobal tədbirlər keçirməklə, dükanlara və restoranlara ingiliscə, fransızca adlar qoymaqla cəmiyyəti də sivil dünyanın bir parçasına çevirmək olmur.
Fasadlarımızı Qərbə uyğunlaşdırsaq da, mədəniyyət deyəndə ağlına yalnız iki ayaq arası gələn bir cəmiyyətin içində çabalayırıq. Qərb mədəniyyəti təkcə bahalı brendlər və ya işıqlı küçələr deyil; Qərb mədəniyyəti fərdin hüququna hörmət, başqasının geyiminə, seçiminə və bədəninə qarışmamaq, mühakimə etmədən birgə yaşamaq bacarığıdır.
Biz Avropalılardan çox şey öyrənməliyik amma onlara nümunə göstərəsi heçnəyimiz yoxdur. Namus-qeyrət heç yoxdur. Ölkəmizə qonaq gəlmiş xanım turistə sataşıb sinəsinə əl atan 60 yaşlı ağsaqqalımızla ,qadınların arxasından gözünü çəkə bilməyən "kişilərimizlə", ərəb turistlərinə otellərdə xidmət göstərən "qadınlarımızla" hər halda Avropalılara namus-qeyrət nümunəsi ola bilmərik.
Gözünü aşağıdan yuxarıya, intellektə, elmə və insanlığa qaldıra bilməyən beyinlər üçün ən böyük problem həmişə başqasının açıq qalan diz qapağı olacaq.
Dr. Benjamin Karimov
TEREF

