"Dünyanın bir çox ciddi tarixçisi Azərbaycanı "Tanrının seçdiyi yer" adlandırır".
9-09-2025, 09:04

Bibliyada yazilanlara görə Allah göyü, yeri, səma cisimlərini, canlıları və insanı, Edenin şərqində isə cənnət bağını yaratdı və orada Adəmi yerləşdirdi ki, o bağa qulluq etsin. Lakin Edenin (Ədn bağlarının) dəqiq yerləşdiyi məkan və Adəmin nəsillərinin dünya üzrə məskunlaşma yolları naməlum olaraq qaldı. Bu məsələ xristianlığın ilk günlərindən etibarən insanları həmişə maraqlandırırdı. Məşhur Britaniyalı arxeoloq, dünya şöhrətli tədqiqatçı David Rohl əsrlər boyu davam edən bu axtarışlara son qoya bildi. O, apardığı tədqiqatların nəticələrini "Əfsanə: Sivilizasiyanın mənşəyi" adlı fundamental əsərində cəmləşdirdi. Bu kitab dünya tarixində böyük əks-səda yaratdı və bir çox dillərə tərcümə edildi. Discovery Channel isə bu araşdırmaya əsaslanaraq və müxtəlif kosmik görüntülərdən istifadə etməklə maraqlı bir film çəkdi (filmə youtube keçid şərh bölümündə). Müəllifin gəldiyi nəticəyə əsasən Eden (Ədn cənnəti) və dünyanın ilk sivilizasiya beşiyi Azərbaycanda, qədim dövlətimiz olan Manna ərazisində , Urmiyə gölü yaxınlığında olub. Maraqlıdır ki, Abbasqulu Ağa Bakıxanov da yerli əfsanələrə və toponimlərə əsaslanaraq öz əsərində Azərbaycanı "Cənnət gülüstanı" (Gülüstani-İrəm) adlandırmışdı.
Dünya sivilizasiyasının tarixinin Azərbaycan və Şərqi Anadoludan başlaması, xüsusilə Kür-Araz mədəniyyətinin inkişafı dünya arxeoloqları və tarixçiləri tərəfindən dəfələrlə müzakirə olunmuş bir məsələdir. Tədqiqatçılar bu əraziləri Neolit dövrünün beşiyi hesab edirlər. Naxçıvanda tapılmış qədim mədəniyyət nümunələri, Kültəpə, Gəmiqaya tapıntıları bunun sübutudur. David Rohl da bu ərazidəki yenilikləri Neolit dövrünün inqilabı adlandırır. Arxeoloji araşdırmalara görə Qarabağ ərazisi insan sivilizasiyasının əsas mərkəzlərindən biridir. Azıx mağarası isə məhz bu bölgədə insan inkişafının yollarını izləməyə imkan verən nadir bir tapıntıdır.
Dünya şöhrətli rəssam Salvador Dali özünün məşhur "Geopolitik uşaq yeni insanın doğuluşunu seyr edir" əsərində də dünyanın mərkəzi və ilk insanın yarandığı ərazi kimi Azərbaycanı göstərir.
"Cənnət Azərbaycan,Cənnət Qarabağ" sözləri elə-belə yaranmayıb ki.
Şəkil: Britaniyalı arxeoloq, tədqiqatçı David Rohl və Azərbaycan türklərinin sıx yaşadığı ərazilər.
Zaur Aliyev , fəlsəfə doktoru.
TEREF

